Fransada dəmiryolçuların tətil müddəti rekord vurub

Fransada dəmiryolçuların tətil müddəti rekord vurub
# 02 yanvar 2020 17:55 (UTC +04:00)

Fransada dəmir yolu işçilərinin ölkədə hökumətinin pensiya islahatları planlarına qarşı keçirdiyi tətil davam edir.

APA-nın "Associated Press"a istinadən verdiyi məlumata görə, Fransa ərazisində sözügedən tətil ötən ilin dekabrın 5-də başlayıb və bu gün artıq 29-cu gündür ki, tətil davam edir. Bu, 1986-1987-ci illərdə dəmir yolu işçilərinin keçirdiyi tətil müddətini üstələyib. Belə ki, sözügedən illərdə tətil 28 gün davam etmişdi.

Bu tətil, eyni zamanda, dəmir yolu işçilərinin 1968-ci ilin mayından etibarən ən uzun etiraz aksiyası hesab olunur.

Qeyd edək ki, dekabr tətili Katolik Milad və Yeni il bayramı dövründə Parisdə və bütün ölkədə metro və qatarların işinə təsir edib. Dəmir yollarını idarə edən SNCF dövlət müəssisəsi cümə axşamı Fransada sürət qatarlarının yarısının marşrut xəttinə çıxmadığını bildirib.

Cümə axşamı Paris metrosunda adi rejimdə yalnız iki avtomatlaşdırılmış xətt fəaliyyət göstərir. Qalan qatarlar fasilələrlə hərəkət edir və ya ümumiyyətlə xəttə çıxmır.

Xatırladaq ki, yanvarın 7-də Fransa hakimiyyəti ilə tətil təşkil edən həmkarlar ittifaqları arasında növbəti danışıqlar keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR