1993-94-cü illərdə Füzuli döyüşlərini əks etdirən fotolardan ibarət sərgi açılıb

1993-94-cü illərdə Füzuli döyüşlərini əks etdirən fotolardan ibarət sərgi açılıb
# 18 yanvar 2018 10:51 (UTC +04:00)

Müdafiə Nazirliyinin Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində 702-ci briqadanın veteranı, fotoqraf Nurəhməd Vəliyevin 1993-1994-cü illərdə Füzuli rayonunda gedən döyüşləri və atəşkəs dövründə hərbi hissənin fəaliyyətini əks etdirən fotolarından ibarət sərgisinin açılışı keçirilib.

APA-nın məlumatına görə, “AZERI DEFENCE” jurnalının dəstəyi ilə keçirilən sərgidə N. Vəliyevin arxivindən 100 foto nümayiş olunub.



Tədbirdə çıxış edən hərbi ekspert Üzeyir Cəfərov Nurəhməd Vəliyevin döyüş yolundan danışıb. O, hərb tarixinin öyrənilməsi baxımından fotoşəkillərin əhəmiyyətini yüksək qiymətləndirib: “Nurəhməd Vəliyev mənim üçün əfsanəvi adamdır. O, 702-ci hərbi hissənin döyüşçüsü və fotoqrafı olub. Bir zamanlar düşünməzdik ki, vaxt gələcək bu şəkillərə bu qədər ehtiyacımız olacaq. Məhz Nurəhməd Vəliyevin çəkdiyi şəkillər nəticəsində 137 şəhidimizin kimliyi bəlli olub”.

General-leytenant Yaşar Aydəmirov sərgini təşkilini əlamətdar hal kimi dəyərləndirib: “Müharibə tarixini hər zaman yaşatmaq bizim borcumuzdur. Bu şəkillər bizim tariximiz, keçmişimizdir. Bunlar yaddaşdır. Yaddaşı qorumayanda ağır nəticələri olur”.



Ehtiyatda olan polkovnik Şair Ramaldanov, “AZERI DEFENCE” jurnalının rəhbəri Rəşad Süleymanov və başqaları Nurəhməd Vəliyevin fotolarının döyüş tariximizi öyrənmək baxımından əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, fotoqrafın arxivində 20 minə yaxın foto var. Gələcəkdə həmin fotolardan ibarət sərgilərin də təşkili nəzərdə tutulub.

Sonda çıxış edən Nurəhməd Vəliyev tədbir iştirakçılarına təşəkkürünü bildirib.

O, qeyd edib ki, fotoşəkillər Füzuli rayonunun 1991-1996-cı illər müharibə dövrünü əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR