Bakıda avtobus və taksi sürücüləri ilə bağlı yeni tələb qoyulub

Bakıda avtobus və taksi sürücüləri ilə bağlı yeni tələb qoyulub
# 07 mart 2019 14:19 (UTC +04:00)

Bakı şəhərinin inzibati ərazisində müntəzəm şəhərdaxili (qəsəbədaxili) sərnişin daşımalarını yerinə yetirən avtobuslarla və taksi minik avtomobilləri ilə sərnişin daşıyan daşıyıcılara dair tələblər müəyyənləşib.

ONA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”də əksini tapıb.

Bakı şəhərində müntəzəm şəhərdaxili (qəsəbədaxili) sərnişin daşımalarını yerinə yetirən avtobuslarla və taksi minik avtomobilləri ilə sərnişin daşımaları müvafiq icazəsi olan şəxslər tərəfindən yerinə yetirilə bilər. İcazə “Lisenziyalar və icazələr haqqında” qanuna əsasən, müntəzəm şəhərdaxili (qəsəbədaxili) marşrut üzrə sərnişin daşınması haqqında müqavilə bağlanılmasını, avtobuslar üçün “Fərqlənmə nişanı” alınmasını və taksi minik avtomobilləri üçün “Fərqlənmə nişanı” alınmasını ehtiva edir. Daşıyıcı mülkiyyət və yaxud digər qanuni əsaslarla istifadəsində olan, bu Tələblərə və dövlət standartlarına uyğun sərnişin avtonəqliyyat vasitəsinə malik olmalıdır. Avtobuslarla müntəzəm şəhərdaxili (qəsəbədaxili) marşrut üzrə sərnişin daşımalarına cəlb olunan daşıyıcı ona həvalə edilmiş marşrutda istifadə olunacaq nəqliyyat vasitələrinin sayının 10 faizi qədər ehtiyat nəqliyyat vasitələrinə, marşrutda istifadə olunacaq nəqliyyat vasitələrinin sayı 10-dan az olduqda isə ən azı bir ehtiyat nəqliyyat vasitəsinə sahib olmalıdır. Daşıyıcının istifadəsində olan istehsalat bazasında istismar etdiyi avtobusların ümumi sayının 60 faizindən az olmamaqla təkər zəncir komplektləri olmalıdır. Daşıyıcının tabeliyində hər bir avtobus üçün ən azı 3 sürücü olmalıdır. Daşıyıcı istifadəsində olan nəqliyyat vasitələrinin sürücüləri tərəfindən iş və istirahət rejiminə riayət olunmasına nəzarət etməlidir.

Avtobusla sərnişin daşımalarını həyata keçirən daşıyıcı müvafiq avtonəqliyyat vasitələrinin saxlanması, onlara texniki xidmət göstərilməsi, texniki vəziyyətinə nəzarətin həyata keçirilməsi, reysqabağı texniki yoxlanılması, habelə sürücülərin reysqabağı tibbi müayinədən keçirilməsi üçün istifadəsində olan avtobusların sayına uyğun şəraiti olan istehsalat bazasına, yaxud bu xidmətlərin göstərilməsi üçün belə bazası olan fiziki və ya hüquqi şəxslərlə bağlanılmış müqaviləyə malik olmalıdır. Daşıyıcı (onun səlahiyyətli şəxsi) yola düşməzdən əvvəl sürücünü zəruri sənədlərlə (“Fərqlənmə nişanı”, yol vərəqəsi, marşrut sxemi, hərəkət cədvəli, icbari sığorta şəhadətnamələri, tələb olunan halda baqaj qəbzi və s.) və digər məlumatlarla təmin etməlidir. Daşıyıcı sərnişin daşımalarına təqdim etdiyi avtobusların və taksi minik avtomobillərinin xarici və daxili hissələrinin təmiz olmasını, avtobusların salonunun ayda iki dəfə dezinfeksiya edilməsini təmin etməlidir. Səhiyyə orqanlarının tələbi olduqda (sanitar-epidemioloji vəziyyətdən asılı olaraq), dezinfeksiya işləri daha tez-tez həyata keçirilə bilər.

Avtobusla sərnişin daşımalarını həyata keçirən daşıyıcı sərnişin daşımalarında istifadə olunan avtobusları reysdən sonra yalnız istehsalat bazasına daxil olan duracaq yerlərində (qarajda, avtoparkda və s.) saxlamalıdır. İstehsalat bazası mövcud standartlara uyğun olmaqla, aşağıdakı minimal tələblərə cavab verməlidir:

- reysə çıxan nəqliyyat vasitələrinin sayına uyğun reysqabağı texniki yoxlamanın, texniki qulluğun və cari təmirin keçirilməsi üçün məntəqənin mövcudluğu;

- eyni növbədə reysə çıxan sürücülərin sayına uyğun tibbi müayinənin keçirilməsi üçün məntəqənin mövcudluğu;

- avtobusların sayına uyğun yuma məntəqəsinin mövcudluğu;

- istifadəsində olan avtobusların rahat və təhlükəsiz parklanmasına imkan verən ərazinin və avtobuslar üçün təhlükəsiz və maneəsiz giriş-çıxış yerlərinin, o cümlədən fövqəladə hallar üçün ehtiyat çıxış yerlərinin mövcudluğu;

- nəqliyyat vasitələrinin salamatlılığının təmini üçün nəzarət kameraları ilə təchiz edilmiş, yanğın və texniki-təhlükəsizlik tələblərinə cavab verən mühafizə sisteminin mövcudluğu.

Daşıyıcı bu Tələblərdə nəzərdə tutulmuş hallarda sərnişin avtonəqliyyat vasitəsini nağdsız ödənişin aparılmasına imkan verən avadanlıq (qurğu) və ya POS-terminalla, daxili və xarici nəzarət kameraları ilə, taksometrlə (müvafiq proqram təminatı ilə) təchiz etməlidir. Müntəzəm şəhərdaxili (qəsəbədaxili) marşrut üzrə sərnişin daşımalarına cəlb olunan daşıyıcı, habelə taksi minik avtomobilləri ilə sərnişindaşıma xidməti göstərən daşıyıcı sürücü qismində işə qəbul etdiyi və işdən azad etdiyi hər bir şəxs barədə müəyyən olunan qaydada məlumatları 3 gündən gec olmayaraq vahid informasiya sisteminə yerləşdirilməsi üçün Bakı Nəqliyyat Agentliyinə təqdim etməlidir.

Avtobus və taksi minik avtomobili üçün ilk dəfə “Fərqlənmə nişanı” alarkən, Bakı Nəqliyyat Agentliyindən həmin avtobus və ya taksi minik avtomobilinə fərdi qaydada verilən eyniləşdirmə nömrəsi, hər avtobus sürücüsü üçün fərdi kod nömrəsi olan kart, taksi sürücüsü üçün isə fərdi kod almalıdır. Daşıyıcı sürücü qismində işə qəbul etdiyi hər bir şəxsin Bakı Nəqliyyat Agentliyi tərəfindən təşkil olunan xüsusi hazırlıq keçməsini təmin etməli və belə hazırlığı keçməklə müvafiq sənəd əldə etməyən sürücünü avtobusun və taksinin idarə olunmasına buraxmamalıdır.

Daşıyıcı istifadəsində olan bütün nəqliyyat vasitələrinin reysqabağı texniki yoxlamadan, onların sürücülərinin isə reysqabağı tibbi müayinədən keçirilməsini təmin etməlidir. Daşıyıcı sərnişin daşınmasında istismar etdiyi nəqliyyat vasitələrinin istifadəsi ilə bağlı törədilmiş yol-nəqliyyat hadisələrinin, habelə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasından ibarət olan inzibati xətaların uçotunu aparmalıdır.

İstifadəsində olan nəqliyyat vasitələrinin iştirakı ilə baş vermiş yolnəqliyyat hadisələri barədə həmin gün, nəqliyyat vasitələrindən istifadə ilə bağlı törədilmiş inzibati xətalarla bağlı isə ayda bir dəfə Bakı Nəqliyyat Agentliyinə müəyyən olunmuş məzmunda (yol-nəqliyyat hadisəsinin və ya inzibati xətanın mahiyyəti, onun törədildiyi vaxt və yer, hansı nəqliyyat vasitəsindən istifadə ilə bağlı törədilməsi, bu xətanı törədən sürücü barədə məlumatlar daxil edilməklə) məlumat verməlidir. Daşıyıcının işçi heyətinin tərkibinə daxil olan hər hansı sürücü nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edildikdə və ya onun bu hüququ məhdudlaşdırıldıqda, daşıyıcı bu barədə qərar və ya hökm qüvvəyə mindikdən sonra 3 gündən gec olmayaraq, Bakı Nəqliyyat Agentliyinə məlumat verməlidir. Daşıyıcı sürücü kimi işə qəbul etdiyi hər bir şəxs üçün tibbi arayış tələb etməli və təkrar tibbi müayinədən keçməsinə nəzarət etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR