İtaliyada Azərbaycanın müasir memarlığına həsr edilmiş sərgi təşkil olunub

İtaliyada Azərbaycanın müasir memarlığına həsr edilmiş sərgi təşkil olunub
# 22 dekabr 2016 07:40 (UTC +04:00)

İtaliyanın Florensiya şəhərində Azərbaycanın müasir memarlığına həsr edilmiş sərgi təşkil olunub. Sərgi Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) və Romualdo Del Bianko Fondunun təşkilatçılığı ilə keçirilib.

AzMİU-dan APA-ya bildirilib ki, tədbirdə çıxış edən Romualdo Del Bianko Fondunun direktoru Pauolo Del Bianko rəhbərlik etdiyi qurumun 30-dan çox ölkə ilə əlaqələrinin olduğunu deyib. Fond direktoru bu sərginin Azərbaycan memarlıq irsinin İtaliya ictimaiyyətinə nümayiş etdirilməsində əlavə bir vasitə olduğunu bildirib.

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə Azərbaycanın zəngin mədəniyyəti, tarixi ənənələri, multikulturalizm modeli, sosial-iqtisadi inkişafı, ölkəmizdə həyata keçirilən önəmli iqtisadi, infrastruktur və memarlıq layihələri, o cümlədən mədəni irsin qorunması sahəsində əldə edilmiş uğurlar haqqında məlumat verib. Sərginin əhəmiyyətindən danışan M.Əhmədzadə nümayiş etdirilən məlumat lövhələrinin Azərbaycanda həyata keçirilən layihələrlə bağlı ilkin təsəvvür yaratdığını deyib, həmin layihələrlə canlı tanış olmaq üçün tədbir iştirakçılarını Azərbaycana dəvət edib.

AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova rəhbərlik etdiyi universitetlə Romualdo Del Bianko Fondu arasında əməkdaşlığın tarixindən danışıb.

Universitetin Memarlıq fakültəsinin müəllimi Fərid Əliyev Bakının müasir memarlıq nümunələri haqqında geniş təqdimatla çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR