IDEA İctimai Birliyinin təşəbbüsü ilə Sabirabadda şəhid ailələri üçün meyvə bağları salınıb

IDEA İctimai Birliyinin təşəbbüsü ilə Sabirabadda şəhid ailələri üçün meyvə bağları salınıb
# 24 noyabr 2017 14:13 (UTC +04:00)

Sabirabad rayonunda şəhid ailələri üçün meyvə bağları salınıb.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşəbbüsü ilə Sabirabad rayonunda Qarabağ müharibəsində gedən döyüşlərdə şəhid olmuş zabit və əsgərlərin ailələri üçün meyvə bağları salınıb.

Sabirabad rayonunun Qaragüney kəndi ərazisində keçirilən tədbirdə rayon İcra hakimiyyətinin başçısı Nazim İsmayılov Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA İctimai Birliyinin həyata keçirdiyi xoşməramlı layihələr barədə məlumat verib.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi dövlət proqramlarında da ekoloji problemlərin həlli üçün zəruri olan bütün vəzifələr elmi əsaslarla müəyyənləşdirilib.

Qeyd edilib ki, meyvə ağaclarının əkilməsi üzrə pilot layihəyə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ilin aprel ayında başlanılıb.

Sabirabadda keçirilən növbəti ağacəkmə aksiyasında 2 hektar ərazidə 1000 ədəd nar ağacı əkilib. Salınan meyvə bağları rayonda yaşayan 3 şəhid ailəsi arasında bölünərək, onların təmənnasız istifadəsinə verilib. Şəhid ailələri bu meyvə bağlarına qulluq edib onlardan məhsul alaraq gəlir əldə etmək və maddi rifahlarını yaxşılaşdırmaq imkanı qazanacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR