Təhsil naziri AMEA Yüksək Texnologiyalar Parkı ilə tanış olub

Təhsil naziri AMEA Yüksək Texnologiyalar Parkı ilə tanış olub
# 24 iyul 2017 12:19 (UTC +04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkı ilə tanışlıq məqsədi ilə tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə təhsil naziri Mikayıl Cabbarov, AMEA-nın prezidenti, akademik Akif Əlizadə, akademiyanın institut rəhbərləri və başqaları iştirak edib.

Tədbir iştirakçıları Texnologiya və İnnovasiya Məhsullarının Transfer Mərkəzinin və parkın potensial rezidentlərinin işi ilə tanış olub, Təcrübə Sənaye Zavodunun və “Millers-Oils Azərbaycan” MMC-nin yağ istehsal sahələrinə baxış keçiriliblər.

AMEA-nın prezidenti Akif Əlizadə qeyd edib ki, 2016-cı ildə ölkə başçısı tərəfindən imzalanan sərəncama əsasən Yüksək Texnologiyalar Parkı yaradılıb: “Bu özlüyündə böyük hadisədir. Akademiyanın 70 illik tarixində belə bir təşəbbüs olmayıb. Bu gün elm və təhsil vəhdət yaradaraq Azərbaycan istehsalına yenilik gətirir. Bu parkda ilk addımlar atılır. Burada bir neçə istiqamətli innovativ qərar tətbiq edilib, müxtəlif adlarda məhsullar istehsal edilir”.

Təhsil naziri Mikayıl Cabbarov elm və təhsilin daha yaxın inteqrasiya olunmasının vacibliyinə toxunub. Nazir bildirib ki, tələbə və şagirdlər Yüksək Texnologiyalar Parkı ilə yaxından tanış olacaq, onun iş təcrübəsini öyrənəcəklər. Burada əsas məqsəd birgə tədqiqatlar aparmaq və iqtisadi fəaliyyətlə məşğul olmanı təşviq etməkdir.

Tədbirdə AMEA və Təhsil Nazirliyinin gələcəkdə də birgə əməkdaşlığının vacibliyi vurğulanıb. Bildirilib ki, elm və təhsil müəssisələri üçün mühüm əməkdaşlıq platforması kimi Yüksək Texnologiyalar Parkının imkanlarından geniş istifadə etmək məqsədi ilə layihələr həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR