“APA Holdinq”in prezidenti İran İslami İrşad və Mədəniyyət Nazirliyinin idarə rəhbəri ilə görüşüb

“APA Holdinq”in prezidenti İran İslami İrşad və Mədəniyyət Nazirliyinin idarə rəhbəri ilə görüşüb
# 28 oktyabr 2017 11:50 (UTC +04:00)

Tehranda səfərdə olan “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı İslami İrşad və Mədəniyyət Nazirliyinin XXIII Beynəlxalq Mətbuat və İnformasiya Agentlikləri Sərgi-Festivalındakı pavilyonunda nazirliyin Xarici KİV-lə iş üzrə idarəsinin rəhbəri Cəfər Safi ilə görüşüb.

APA-nın Tehran bürosunun məlumatına görə, C. Safi V. Mahirqızının beynəlxalq mətbuat sərgi-festivalında iştirakından məmnunluğunu vurğulayıb: “İslami İrşad və Mədəniyyət Nazirliyi Azərbaycan mətbuatı ilə birbaşa əlaqələr qurmaq üçün onlarla əməkdaşlıq sazişi imzalamağa hazırdır. Biz bütün imkanlardan istifadə edirik ki, hər iki ölkənin qarşılıqlı mədəniyyət günləri və digər mərasimlərini təşkil edək. Yaxın keçmişdə Azərbaycanın Tehranda mədəniyyət günləri keçirilib və bu kimi mərasimlərin təşkili davam etdirilməlidir”.

C. Safi deyib ki, mətbuatın iki ölkənin yaxınlaşmasında rolu həddən artıq çoxdur: “Bəzi ölkələr iki dost ölkə arasında fikir ayrılıqları yaratmağa çalışır. Lakin İranın səmimi istəyi budur ki, Azərbaycanla əlaqələrini daha da inkişaf etdirsin”.

C. Safi “APA Holdinq”in İran mediası ilə əməkdaşlıq sazişləri imzalayacağından məlumatlı olduğunu söyləyib. O, ümid etdiyini bildirib ki, bu müqavilələr APA və İran mətbuatı arasında əlaqələri daha da inkişaf etdirəcək.

Vüsalə Mahirqızı isə İrana dəvət olunduğu üçün təşəkkürünü bildirib: “Sevinirəm ki, İrandayam və bu sərgiyə baxış keçirirəm. Mən ilk dəfədir İrana səfər edirəm. Ümid edirəm ki, bu görüşlər və yaxınlıq hər iki ölkənin mətbuatında dəqiq xəbərlər yayımlanmasına səbəb olacaq. Mənim üçün sərginin belə geniş şəkildə təşkili, mətbuatın aktivliyi maraqlı idi. Ümid edirəm ki, iki ölkənin mətbuat orqanlarının yaxınlaşması ölkələrin əlaqələrinin daha da inkişafına kömək edəcək”.

Sonda Cəfər Safi İrandakı nəşriyyat və mətbuatla bağlı statistik məlumatları diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR