Bu il Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 182 mln. dolları ötüb

Bu il Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 182 mln. dolları ötüb
# 19 mart 2018 08:34 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 182 mln. 195,9 min dollar təşkil edib.

APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatına istinadən xəbər verir ki, ötən 2 ay ərzində Azərbaycanın qonşu ölkənin ümumi ticarət dövriyyəsindəki payı 10,8% təşkil edib.

Hesabat dövründə Azərbaycan Gürcüstanın Türkiyə və Rusiyadan sonra 3-cü böyük ticarət tərəfdaşı olub.

Yanvar-fevral aylarında Azərbaycan Gürcüstandan 43 mln. 717,6 min dollar dəyərində məhsul idxal edib. Azərbaycanın qonşu ölkəyə ixracı isə 138 mln. 478,4 min dollar dəyərində olub.

Qeyd olunan dövrdə Azərbaycan Gürcüstandan ən çox minik avtomobili (876 ədəd) idxal edib. İdxal olunmuş avtomobillərin dəyəri 16 mln. 116 min dollar təşkil edib.

Azərbaycanın qonşu ölkədən ən çox idxal etdiyi məhsulların ilk beşliyinə daha sonra siqarlar (5 mln. 585,3 min dollar), medikamentlər (4 mln. 499,9 min dollar), diri iribuynuzlu mal-qara (2 mln. 324,1 min dollar) və dəmir və ya aşqarlanmış poladdan çubuqlar (2 mln. 102,8 min dollar) daxildir.

Hesabat dövründə Gürcüstan Azərbaycandan ən çox neft qazları və digər qaz halında karbohidrogenlər (89 mln. 839,7 min dollar dəyərində) idxal edib.

Qonşu ölkəyə Azərbaycandan ən çox ixrac olunmuş məhsullara daha sonra elektrik enerjisi (18 mln. 231,1 min dollar), neft və neft yağları (10 mln. 728,6 min dollar), qaldırıcı mexanizmlər və onların hissələri (2 mln. 991,5 min dollar) və sement (1 mln. 998,7 min dollar) daxildir.

Yanvar-fevral aylarında Gürcüstanın xarici ticarət dövriyyəsinin ümumi həcmi 1 mlrd. 683,5 mln. dollar təşkil edib ki, bu da ötən ilin eyni göstəricisindən 16,3% çoxdur.

Qonşu ölkənin ixracı 25,5% artaraq 446,4 mln. dollar, idxalı isə 13,3% artaraq 1 mlrd. 237,1 mln. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR