Bank Of Baku

Yalçın Rzazadə: “Ya ailəmə qarşı olanların hesabını soruşmalıyam, ya da bu dünyada yaşamamalıyam” - MÜSAHİBƏ FOTOSESSİYA

Yalçın Rzazadə: “Ya ailəmə qarşı olanların hesabını soruşmalıyam, ya da bu dünyada yaşamamalıyam” - <font color=red>MÜSAHİBƏ FOTOSESSİYA</font>
# 13 yanvar 2009 11:28 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın xalq artisti Yalçın Rzazadənin APA-ya müsahibəsi

- Hazırda nə işlə məşğulsunuz?

- Çalışıram ki, yaradıcılıqla məşğul olum. Mən hər zaman deyirəm ki, istedad Allah vergisidir. Amma istedad, zəhmət və ağıl lazımdır, yoxsa nəticə olmayacaq. Konservatoriyanın üçüncü kursunda oxuyanda artıq məni solist kimi Azərbaycan Dövlət Teleradiosuna işə götürdülər. Mən ilk addımlarımı professional sənətdə atmışam. Həmin vaxtlarda bütün ölkələri qarış-qarış gəzdim. “Qaynana”, “Dədə Qorqud”, “Baladadaşın ilk məhəbbəti”, “Gün keçdi” və digər kinofilmlərin musiqilərini ifa etmişəm. Mən hər zaman öz sənətimə tənqidi yanaşıram, bəlkə də bu inkişafa çox kömək edir. Bildiyiniz kimi, sağlığımda problemlər mövcuddur.

- Səhhətinizdə problemlər olduğu bildirilir...

- Türkiyədə ürəyimdə əməliyyat keçiriləcək. Açığı, burada əməliyyat olunmağa ürək edə bilmirəm. Çünki bəzi qohumlarım, yaxınlarım çox həkimlərə müraciət ediblər və sonda hərə bir söz deyir. Burada olunan əməliyyatların bir çoxu uğursuz olur. Bizim həkimlərin zəif tərəfləri çoxdur.

- Ailənizin başına gələn son hadisələrin səbəbi nədir?

- Bu yaxınlarda həyat yoldaşım Roza xanımın başına dəhşətli hadisə gəlib. Roza xanım 30 ildən artıq Ənvər Məmmədxanlı adına olan kitabxanada direktor işləyib. Rəhmətlik Həsənağa Qurbanovdan sonra onun yerinə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinə bir adam qoyublar. Əslən Mərdəkandan olan Əlikram Əliyev adlı şəxsdir. Yoldaşımı çağıraraq deyib ki, təqdimatınızı vermişəm, sizə əməkdar mədəniyyət işçisi adı, təqaüd verəcəklər. Üstündən bir neçə gün keçəndən sonra üç-dörd nəfər gələrək kitabxanada yoxlama aparıb. Roza xanım soruşub ki, kağızları niyə araşdırırsınız? Onlar da deyib ki, elə-belə gəlmişik. Dekabrın sonlarında Mədəniyyət və Turizm Nazirliyindən zəng edərək dedilər ki, Roza xanımı maddə ilə işdən çıxarırıq. Həmin vaxt Roza xanım xəstəxanada reanimasiyada idi. Dedilər ki, o gəlməsə, biz onu hansısa maddə ilə işdən çıxaracağıq. Həmin kitabxananın yarısını ötən illərdə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti almışdı. Həmin vaxtda yoldaşıma pul təklif etmişdilər. Ancaq Roza xanım dahi bəstəkar Cahangir Cahangirovun ailəsində böyüyüb. O puldan qəti surətdə imtina edib və bildirib ki, kitabxana zəka ocağıdır, buranı satmazlar. Sonra dedilər ki, kitabxananı təmir edib orada kompüter qoyacaqlar. Amma kitabxana hələ də pis gündədir. Həmin Əlikram Əliyev bir həftənin içində əmr verdi və Roza xanımı və əsas işçiləri işdən uzaqlaşdırdı. Həmin kitabxanada uzun illərdir çox savadlı, ağır təbiətli bir adam işləyir. Əlikram Əliyev ona deyib ki, öz xoşunla işdən çıx, çıxmasan, cibinə nəşə atıb səni tutduraram. Bir neçə gün bundan əvvəl isə Əlikram Əliyev və cangüdənləri kitabxanaya gələrək yoldaşımın qolundan tutub deyiblər ki, buradan getməlisən. Roza xanım da yıxılıb, zədə alıb. Sonra oğlum hadisə yerinə gəlib, onu da təhqir ediblər. Mən gələndə gördüm ki, Roza xanımın təzyiqi 240-a qalxıb. Belə aydın oldu ki, “AzAL” indi də kitabxananın digər yarısını almaq istəyir. Mədəniyyət və turizm naziri də onlarla əlbirdir.

- Bu məsələ ilə bağlı hansı addım atmağı düşünürsünüz?

- Əlikram Əliyev, mədəniyyət və turizm naziri və “AzAL”ın rəhbərliyi məni təhqir edib. Vəzifədən sui-istifadə etmək olmaz. Mən heç zaman kiminsə qarşısında əyilməmişəm. Bir neçə gün əvvəl evimin qarşısında qabağımı iki nəfər kəsdi. Onlardan biri dedi ki, “xəbərin var ki, adam öldürməyin hər ili 3 min manatdır?” Ondan soruşdum ki “məni öldürmək istəyirsiniz?”. Dedi ki, “yox, xəbərdarlıq edirik, sən də, yoldaşın da özünüzü yaxşı aparın, yoxsa...”. Bütün bunlar Əlikram Əliyevin işləridir. Mədəniyyət və turizm nazirimiz bəstəkar Cahangir Cahangirovun qızına deyir ki, sən heç kimsən. Ondan bu hərəkəti gözləməzdim. Azərbaycan dövlətinin mədəniyyət və turizm naziri yaşca özündən böyük qadına, abırlı xanıma bu sözü deyir. Mənim yoldaşımın mənəviyyatı onlardan qat-qat üstündür.

- Bütün bu baş verənlərlə əlaqədar məhkəməyə müraciət etmək fikrindəsinizmi?

- Əlbəttə ki, məhkəməyə müraciət olunub. Belə çıxır ki, ya mən silahla gəzməliyəm, ya da iki mühafizəçi tapmalıyam ki, məni öldürməsinlər. Bu məsələ ilə bağlı mən dövlət başçısına da müraciət edəcəyəm. Çünki mənim şəxsiyyətimə, qeyrətimə toxunublar. Mən ömrümün 40 ilini mədəniyyətimizə həsr etmişəm, millətimi özümdən çox istəyirəm. Sağlığımda böyük sənətkar adını qazanmışamsa, əgər mənə ləyaqətli sənətkar deyiblərsə, bu, mənim üçün ən uca zirvədir. Mən bunu bağışlaya bilmərəm, əks təqdirdə bu dünyada yaşamamalıyam. Mədəniyyət sahəsində çalışan adam necə deyə bilər ki, “sənin cibinə nəşə atdırıb, tutduraram, öz xoşunla işdən get”. Həmin o Əlikram Əliyev bir nəfəri özünə müavin götürmək adı ilə ondan 50 min manat pul alıb, ancaq bu günə kimi də nə işə götürüb, nə də pulunu qaytarır.

- Uzun zamandır ki, yeni albomunuzun hazırlandığını deyirsiniz. Hazırlıqlar davam edirmi?

- Albomu burada hazırlamaq istəmirəm. Düzdür, Azərbaycanda da bir albom hazırlanacaq və bununla bağlı da danışıqlar aparmışıq. Artıq mahnılar da hazırdır. Digər albomum isə Türkiyədə hazırlanmalıdır.

- Əməliyyatdan sonra sənətdən uzaq düşmək qorxusu varmı?

- Bilirsiniz, belə olsa, çox təəssüflənərəm. Özümə görə demirəm, sadəcə səsimin ən gözəl çağımda hər şeyə son qoyulacağına heyfslənərəm.

- Bəs, konsert verməməyinizin səbəbi nədir?

- Açığı, bu gün hər şey maddi vəziyyətdən asılıdır. Mən bu sözü deməyə özümə əskiklik sayıram. Mənim sponsorum yoxdur. Kimdənsə bunun xahişini eləməyə utanıram, bunu özümə yaraşdırmıram. Bir mahnını iki-üç aya hazırlayıram, həmin müddət ərzində musiqi tam olaraq mənim olur, o musiqini oxuyanda artıq mahnı mənim daxilimdən gəlir.

- Mədəniyyətimizin bugünkü durumunu xarakterizə edə bilərsiniz?

- Əvvəllər dünyanın müxtəlif ölkələrində Azərbaycan Mədəniyyət Günləri keçirilərdi. Həmin dövrlər Azərbaycan Mədəniyyət günlərində ölkəmizi Azərbaycan Dövlət Simfonik Orkestri, xor, kapella və yüksək akademik ifaçılar təmsil edərdi. Bu gün isə baxın görün, Azərbaycanın belə tədbirlərdə kimlər təmsil edir? Baxın, fərq bundadır. Vaxtilə Şövkət Ələkbərova, Rübabə Muradova, Vaqif Mustafazadə, Rafiq Babayev kimi sənətkarlar olub. Bu gün isə mədəniyyətimizdə cılızlaşma gedir. İndi əsl musiqi yazana bir-iki nəfər qalıb. Mən yazılan mahnıların ruhunu hiss etməsəm, heç zaman o mahnıları ifa etmərəm. Bu gün mədəniyyətimizdə Azərbaycan millətinə xas olan şeylər yoxdur. Şou-biznes deyirlər, ancaq nə şou var, nə də biznes. Şou-biznes tək restoranda, toyda oxumaq deyil.

- Toylara gedirsiniz?

- Xeyr, getmirəm. Sovetlər vaxtında bəzən toylara getmişəm. Amma o zaman mənə indi bütün ili toylarda keçirən müğənnilərdən çox hörmət ediblər. Toya getmək eyib deyil, çörək qazanıb ailə saxlayırlar. Ancaq bugünkü toylar toy deyil axı. Disklə, fonoqramla toy idarə etmək olmaz. Sənəti duymaq üçün gərək musiqiyə, səsə qulaq assınlar. Bu gün toylara yalnız qonaq kimi gedirəm. Toyda qonaq kimi oturanda da hamı deyir ki, Yalçın gəldi, oxumalıdır. İki-üç mahnı ifa edirəm, vəssalam. Zövqüm öz yerindədir, xüsusiyyətim, mənəviyyatım öz yerindədir, sənətkar kimi xalqın mənə hörməti var.

- Xalq artistləri Flora Kərimova ilə İlhamə Quliyeva arasında uzun illər davam edən münaqişəyə də münasibətinizi bilmək istərdik.

- Mədəniyyət və incəsənət ustaları, müğənnilər arasında da həmişə belə münaqişələr olub, amma bu məsələ xalq arasına çıxmayıb. Münaqişənin bu səviyyəyə çatmasının tərəfdarı deyiləm. Ona görə də mən belə şeylərə çox narahatçılıqla baxıram.

- Məhkəmədə kimin qalib gələcəyini düşünürsünüz?

- Azdan-çoxdan bu qalmaqalın yaranma səbəbini bilirəm. Mən həmişə problemləri diplomatik yolla qaydasına qoymuşam, heç vaxt bu səviyyəyə çatdırmamışam. Axı baş verənləri gənclər də görür, buna görə də məsələni bu həddə çatdırmaq ayıbdır. Gələcək nəsli qorumaq lazımdır. Atalardan bizə belə bir miras qalıb: “Böyük böyükdür, kiçik isə kiçik”. Böyük özünü elə aparmamalıdır ki, kiçiyin yanında ucuzlaşsın. Bütün bunlar mədəniyyətimiz üçün yaxşı hal deyil.

- Uzun illər karate ilə də məşğul olmusunuz. Bu sahədə mükafatlarınız çox olub?

- 13 il karate ilə məşğul olmuşam. Mükafatlarım isə, iki sınan qabırğam, sol ayağımda aparılan üç cərrahiyyə əməliyyatı, burnumun sınıqlığıdır. Qara kəməri isə Yaponiyada almışdım.

- Karatedən sonuncu dəfə nə vaxt istifadə etmisiniz? Ümumiyyətlə, bu idman növü çətin anlarınızda dadınıza çatıbmı?

- Şərq döyüş idman növləri bədəninin fəlsəfəsidir, daxili aləminin dünyasıdır. Bu idmanla özünü qorumaq üçün, daxili aləmini təmkinli saxlamaq üçün, sinirlərini yığışdırmaq üçün məşğul olursan. Düzdür, elə hallar olub ki, istifadə etmişəm. Mən çox diplomatik adamam, problemləri həmişə sülh yolu ilə həll etməyə çalışmışam, ancaq sülh yolu qalmayanda bu üsula əl atmışam. Çünki kənardan kiminsə “Yalçın filankəsi vurub yıxdı” deməsinin mənası yoxdur. Ümumiyyətlə mən hər zaman problemsiz yaşamağa çalışmışam. Dövlətdən əsas istəyim odur ki, Əlikram kimi adamlar mədəniyyətimizə yaxın buraxılmasın. Mədəniyyət adamı sabah evinə necə çörək alacağını fikirləşməməlidir.

- Siz bütün bunları fikirləşirsiniz?

- Mən fikirləşirəm. Evdə çox çətinliklər var. Mən yaşadığım otaq elədir ki, heç fəhlənin də o cür otağı yoxdur. O cür otaqda yaradıram, yaşayıram, adımı və sənətimi qoruyuram. Bir dəfə xalqın qarşısında hesabat konserti vermək istəyirdim. Bu məqsədlə də dövlət rəsmilərindən birinin qəbuluna yazıldım. Onun yanına girən kimi mənə dedi ki, “yəqin siz bura fəxri ad almaq üçün gəlmisiniz”. O zaman başa düşdüm ki, bunlar heç mənim fəxri adım olub-olmadığından da xəbərsizdirlər. Sonra mənə Xədicə Abbasovadan gileyləndi, mən də dedim ki, “üzr istəyirəm, mən Xədicə deyiləm, Yalçınam”. Və çıxıb getdim. Düzdür belə münasibətdən sınmıram, ancaq bu cür şeylər olmamalıdır. Mənim “La skala” teatrında bir şəklim var. Elə o bir şəkil bəsdir ki, mənim sənətimə qiymət verilsin. Həmin şəkildə mənim arxamda mərhum Müslüm Maqomayev və Tamara Sinyavskaya dayanıb. Həmin konsertdə böyük Müslümdən və Sinyavskayadan sonra mən oxudum. Mənim Fransada diskim çıxıb, ancaq heç kimin xəbəri yoxdur. Ancaq başqaları balaca bir iş görən kimi o dəqiqə mətbuatda işıqlandırılır. Mən indi yarı sağlam, yarı xəstə adamam, heç bilmirəm yaşayacağam, ya yox. Əlbəttə istərdim ki, dövlət seçim qoya bilsin. Yalçın niyə fikirləşməlidir ki, evi bir balaca təmir etdirsəydim, sınıq-salxaq tavanlı otaqda yox, daha səliqəli otaqda yaşayardım. Axı aldığım təqaüd buna çatmır. Ailəm də kiçik deyil. Düzdür, məndən pis vəziyyətdə olan insanlar var, ancaq xalqın sənətkarı belə yaşamamalıdır. Bir şeyi mütləq deməliyəm. Azərbaycanda ikinci elə müğənni yoxdur ki, ölkənin bütün dahi sənətkarları məhz onun üçün müqayisə edilməyəcək mahnılar bəstələsinlər. Cahangir Cahangirov, Tofiq Quliyev, Emin Sabitoğlu, Oqtay Kazımi, Elza İbrahimova, Oqtay Rəcəbov, Ramiz Mirişli, Nəriman Məmmədov, Eldar Mansurov... Mən özümə qarşı təkrarsız sözünü sürücüdən də eşidirəm, alimdən də. Bəlkə də Yalçından böyük sənətkarlar yetişəcək, ancaq Yalçın Rzazadədən bir də olmayacaq. Sənətə başqaları da gələ bilər. Amma Rəşid, Şövkət, Vaqif, Xan, Seyid ola bilməz. Bu faktdır...
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR