Bank Of Baku

Sənətçi Haluk Ləvənt: “Türkiyə Ermənistanla sərhədləri Dağlıq Qarabağ münaqişəsi həll olunduqdan sonra açmalıdır” – MÜSAHİBƏ - FOTOSESSİYA

Sənətçi Haluk Ləvənt: “Türkiyə Ermənistanla sərhədləri Dağlıq Qarabağ münaqişəsi həll olunduqdan sonra açmalıdır” – <font color=red>MÜSAHİBƏ - FOTOSESSİYA</font>
# 06 aprel 2009 10:33 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Türkiyənin tanınmış sənətçisi, rok ifaçısı Haluk Ləvəntin APA-ya eksklüziv müsahibəsi

- Bakıya səfərinizin məqsədi nədir?

- Uzun zamandır ki, Azərbaycana gəlmək istəyirdim, bu arzumun reallaşması bu günə nəsib oldu. Səfərimin əsas məqsədi Bakını gəzməkdir, yəni Bakıya sırf turist kimi gəlmişəm. Bu illər ərzində dünyanın az qala hər yerində konsertlər vermişəm, ancaq soydaşlarımın qarşısında konsertim olmayıb. Bu səfər zamanı Bakıda konsert verməklə təşkilatçı Nahid Emiloğlu ilə müzakirələr aparmışam. Çox güman ki, bu il mənim Bakıda ilk konsertim keçiriləcək.

- Türkiyədə ən çox xeyriyyə konserti verən sənətçilər arasındasınız...

- Xeyriyyə konsertləri vermək bir növ yaradıcılığımın əsas hissəsini təşkil edir. Əslində hazırda 14-cü albomum üzərində işlədiyim üçün konsert vermirəm. Yəqin ki, bu albomum hazır olduqdan sonra konsert proqramları ilə çıxış edəcəyəm. Türkiyədə konsert vermək üçün bu albomu gözləməliyəm, ancaq Azərbaycanda konsert vermək üçün bu albomu gözləməyə ehtiyac duymuram.

- Azərbaycanda erməni işğalı nəticəsində evlərindən didərgin düşmüş məcburi köçkünləri üçün belə bir xeyriyyə konsert verməyi düşünürsünüzmü?

- Əlbəttə ki, niyə də olmasın. Bosniya və Hersoqovinada, Kosovoda belə xeyriyyə konsertləri vermişəm. Buradakı qardaşlarımız üçün hər tipli konsert verməyə hazıram və bunu da edəcəyəm.

- Azərbaycan mədəniyyəti barədə geniş məlumatınız varmı?

- Düzünü desəm, Azərbaycan mədəniyyəti ilə bağlı o qədər də dərin bilgilərə sahib deyiləm. Bildiyim odur ki, Azərbaycan musiqisi çox dərin köklərə malikdir. Azərbaycan musiqisi Türkiyə musiqindən də irəlidədir və çox şaxəlidir. Baxmayaraq ki, musiqi haqda çox da məlumatlı deyiləm, Türkiyədə məni Azərbaycan mahnılarının ən yaxşı ifaçısı kimi tanıyırlar. Mənim repertuarımda onlarla Azərbaycan mahnısı var, ancaq bunu heç kim bilmir. Azərbaycan mahnılarına çox böyük sevgim və məhəbbətim var.

- Azərbaycanda yaşamaq istəyiniz varmı?

- Niyə də olmasın ki? Ailəmi də, qızımı da bura gətirə bilərəm. Mən çox dəli adamam, bu gün buranı sevərəm, sabah birdəfəlik gəlib burada qalaram. Burada qeyri-adi heç bir şey yoxdur.

- Sizin ifa etdiyiniz Anadolu rokunun digər roklardan fərqi nədir?

- Digər roklar Qərb musiqisi üzərində qurulur, biz də həmin rok variantlarının türk versiyasını oxuyuruq. Mən bu sözləri onların ifa etdiyi roku pisləmək üçün söyləmirəm. Amma Anadolu rokunun seçimi Bakı, Qars, Trabzon, Ankara, Qarabağ, İğdırdır. Anadolu roku bu torpaqların, yəni Şərq ölkələrin musiqisi üzərində qurulur. Bəzi zamanlarda türkülərlə dolu, bəzi zamanlarda isə islam musiqisidir. Anadolu rokunu Qərb rokundan fərqləndirən əsas xüsusiyyət bu rokun kimliyinin olmasıdır, bu rokun ədəbiyyatı, keçmişdən bu günə kimi yol qət etmiş tarixi, əfsanəsi vardır. Anadolu roku asan musiqi deyil. Fəlsəfəni başa düşməyən, “Koroğlu” dastanını bilməyən, bu torpaqların dəyərini və bu torpaqların öz bütövlüyünü saxlamaq üçün yüz illərlə keçdiyi savaşları bilməyən biri bu roku oxuya bilməz. Məhz buna görə deyirəm ki, Anadolu rokunu oxumaq heç də asan bir şey deyil. Mən Anadolu insanıyam və öz böyüdüyüm, yaşadığım torpaqlarda özümü ifadə etməyə cəhd göstərmişəm və bunun üçün də ən yaxşı yol Anadolu roku olub. Mən heç zaman başqalaşmamışam və başqalaşmağa da ehtiyac duymamışam. Düşünürəm ki, heç kim başqalaşmağa can atmamalıdır.

- Dəfələrlə universitetə daxil olmanıza baxmayaraq sona kimi təhsil almamısınız.

- Bəli, beş dəfə universitetə qəbul olmuşam, ancaq təəssüf ki, heç birini başa çatdırmaq qismət olmayıb. Ancaq mən özümü universitet xaricində hər zaman yetişdirməyə çalışmışam. Mənim Türkiyədə iki kitabım işıq üzü görüb. Özümü ancaq musiqiyə həsr etmişəm.

- Sizin simanızda 90-cı illərin müğənnilərinin kölgədə qalmasının səbəblərini açıqlaya bilərsinizmi?

- Mən əslində özümü 90-cı illərin yox, 2000-ci illərin sənətçisi hesab edirəm. Çünki mənim albomların əsasən 97-ci ildən sonra çıxıb və daha çox elə həmin illərdə çıxardığım albomlar satılıb. Ancaq mən Anadolu deyərkən hər yeri eyni tuturam. Xalq sabitliyin və gerçəkliyin nə olduğunu nə olduğunu hər zaman bilib. Populyarlıq bir sabun köpüyü kimidir, vaxt gələr uçar - gedər, heç bir iz də qoymaz. Doğrudur ki, mən bir növ görünmürəm, çünki dörd ilə yaxındır ki, Türkiyədə heç bir televiziya proqramlarına çıxmamışam. Bunun səbəbi uyğun proqram tapa bilməməyimdir. Maqazin proqramlarına çıxıb hər gün haradasa, kiminlə olduğumu göstərərək xalqı məşğul etməmək lazımdır.

- Bəs unudulmaqdan qorxmursunuz?

- Mən heç bir zaman ulduz xəstəliyinə tutulmamışam. Məşhurluğun məni hansısa gözəl yerlərə gətirə biləcəyi barədə heç zaman düşünmədim. Mənim öz dost mühitim var və günümü həmişə həmin insanlarla keçirirəm. Bir çox ulduzlar isə məhz ulduzlarla gün keçirməyə, onlarla bir yerdə olmağa çalışır, çünki onların öz dünyası var. Halbuki mən o dünyanın əleyhinəyəm. Çünki belə bir qanun yoxdur ki, ulduz gününü ulduzla, aktyor isə aktyorla keçirməlidir. Özümüzə uyğun olan bir insanlardan ibarət bir ətraf yaratdığımız zaman başqa insanların ətrafında görünməyə ehtiyacımız olmur.

- Tütkiyədə atom elektrik stansiyasının tikilməsinə qarşı dəfələrlə kampaniyalar keçirmisiniz.

- Mən istəyirəm ki, Türkiyə tər-təmiz və təbii qalsın. Türkiyədə ekologiyanın korlanmaması üçün dəfələrlə kampaniyalar apardım. Buna qarşı çıxmağım insaniyyətimdən irəli gəlirdi. Bir çox məsələdə uğur qazana bilmədik, amma uğurlarımız da çox oldu. Antitəbliğat kampaniyası aparmağınıza baxmayaraq hələ də ölkədə AES tikintisi ilə bağlı danışıqlar gedir. Ancaq biz bunun əleyhinəyik. Anadolu torpaqlarının zərərli şeylərlə çirkləndirilməsini istəmirik. Əlbəttə bütün ölkələrdə atom elektrik stansiyası tikilməlidir, ancaq bunu gedin dağların, daşların ortasında tikin. Əgər siz belə stansiyaların tikilməsi üçün ən gözəl sahilləri seçirsinizsə, bu həm ölkədə yaşayan insanlara, həm də bu ölkənin turizm sektoruna ciddi təsir göstərir. Eyni zamanda bu ölkənin gözəlliyini də, ekologiyasını da pis vəziyyətə qoyursunuz. Məhz bunun üçün də belə stansiyaların tikilməməsi üçün xüsusi kampaniyalar apardım, ancaq heç bir faydası olmadı.

- Azərbaycana ilk səfərinizdir. Ekoloji baxımdan Bakı Sizə necə təsir bağışladı?

- Çox qısa müddətdə bu suala tam dolğun cavab verə bilmərəm. İlk fikrim odur ki, Bakı heç də ekoloji cəhətdən problemsiz şəhər deyil. Problemi var, ancaq bunun çox, yaxud az olduğunu söyləmək üçün bir müddət burada yaşamalı və gəzməliyəm.

- Siyasi görüşləriniz varmı?

- Qəti şəkildə Atatürkçüyəm və onun davamçılarını alqışlayıram. Özü də həddən artıq Atatürkçüyüm.

- Sizi nə vaxtsa Türkiyə siyasətində görmək necə mümkün olacaqmı?

- Beş ildən sonra məni siyasətdə görə biləcəksiniz. Çox güman ki, beş ildən sonra siyasətə qatılacağam. Yəni belə bir istəyim var. Nə nazir, nə baş nazir olmaq iddiam yoxdur. Mən öz bildiklərimi, baxışlarımı dünyaya açıqlamaq üçün siyasətə gələcəyəm.

- Siyasətçi olaraq atacağınız ilk addım nə olacaq?

- Mən siyasətçi olsam, xalqıma heç zaman yalan danışmaram, hər şeyi onların öhdəsinə buraxaram. Əgər rəqibim düzgün danışsa, aslan kimi çıxıb ortaya deyərəm ki, o bunu düzgün deyir və onu təbrik edərəm. Ancaq nədənsə biz hər zaman bir-birimizin səhvini deyirik. Demokratik bir idarəetmə sistemi üçün bu cür davranış çox gözəl bir şeydir. Ancaq bəzi liderlər hələ də buna alışa bilməyiblər. Özlərini elə aparırlar ki, guya rəqibləri Türkiyəni dünyaya pisləməklə məşğuldur. Sanki bu gün Dəniz Baykala elə gəlir ki, AKP lideri Ərdoğan səhər tezdən duran kimi Türkiyəni necə pis günə qoymaq barədə düşünür. Ərdoğon da eynilə həmin fikri Dəniz Baykal haqda fikirləşir. Belə bir şey yoxdur, artıq dəyişik bir siyasət aparmaq, bir-birimizə tab gətirmək məcburiyyətindəyik. Bir-birimizə tab gətirməsək, demokratiya yarada bilmərik.

- Yaxın gülərdə Türkiyə ilə Ermənistanın sərhədlərinin açılacağı barədə fikirlər səslənir.

- Mən istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsi tez bir vaxtda həll olunsun. Kənardan bu məsələləri izləyən bir insan kimi Azərbaycanın çox düzgün iddiaları, istəkləri olduğunu görürəm. Bu problem uzun illərdir ki, mövcuddur, kiçik və ya böyük olsa da özündə bir müharibə anlayışını cəmləşdirir. Ona görə də bu problemin tezliklə həllinin tapmasının tərəfdarıyam. Bakıya olduğum müddətdə qəzetlərdə oxudum ki, Ermənistanla Türkiyənin sərhədlərinin açılması Azərbaycanı heç də razı salmır. Ancaq mən bir sənətçi kimi bütün sərhədlərin açılmasının tərəfdarıyam. Türkiyə-Ermənistan, Azərbaycan-Ermənistan sərhədlərinin və s. Ancaq bu, əlbəttə ki, bütün problemlər tam həll olunduqdan sonra həllini tapmalıdır. İlk öncə də Dağlıq Qarabağ münaqişəsi həllini tapdıqdan sonra. Mən demirəm ki, sərhədlər dünyaya nə qədər mehriban olduğumuzu göstərmək üçün açılsın. Bir şeyi heç zaman unutmamaq lazımdır - Biz Azərbaycanla qardaşıq, qardaş bir xalqın problemlərinin dünyaya çatdırılmasında onlara tam dəstək olmalıyıq. Mən heç bir zaman savaşa dəstək verməmişəm və buna görə də hər zaman bütün dünyanın sülh içərisində yaşamasını arzulamışam.

- Ermənilər tək Azərbaycana qarşı deyil, bütün Türk dünyasına çoxsaylı faciələr yaşadıblar. Bu cinayətləri törədənləri nə zamansa bağışlamaq nə dərəcə də doğrudur?

- Mən nə vaxtsa keçmişdə yaşananların, nənələrimiz-babalarımızın bir-birinə etdiyi şeylərin acığını çıxmağın, onların intiqamını almağın tərəfdarı deyiləm. İndi ermənilər “erməni soyqırımı” adlı bir məsələ qaldırıblar, ancaq mən oxuduğum tarixi kitablardan və digər mənbələrdən aldığım məlumatlara, eləcə də öz hisslərimə dayanaraq ümumiyyətlə ortada soyqırımı məsələsinin olmadığını bilirəm. Oxuduğum məlumatlara dayanaraq söyləyə bilərəm ki, hər iki tərəfin bir-birinə qarşı savaş iddiası olub. Osmanlı dövründə bu özünü daha qabarıq şəkildə büruzə verib. Bu prosesi Erməni ordularının Osmanlı dövlətini işğal etmək cəhdi, Ermənistanın Rusiya ilə birləşib Osmanlı dövlətinə arxadan vurmaq cəhdi nöqteyi nəzərindən dəyərləndirsək, soyqırımı anlayışının bu prosesə heç uyğun olmadığı aydın görünür. Soyqırımı anlayışını qaldırmaqla, biz türkləri haqsız yerə ittiham edirlər, bizi ifşa etməyə, bizi dünya səviyyəsində gözdən salmağa, bizi dünya arenasında yalnız buraxmağa çalışırlar. Ermənistan arxivlərini heç cür açmır, gəlin biz bu arxivləri ortaya çıxaraq və həqiqəti bütün dünyaya göstərək. Axı unutmamalıyıq ki, biz hamımız Adəm və Həvvanın övladlarıyıq. Ona görə də heç bir savaşa, müharibəyə ehtiyac yoxdur, sadəcə tələb olunan odur ki, bir-birimizlə açıqfikirli olmalıyıq. Ancaq Ermənistan öz fikirlərini açıq ifadə etmir. Biz həmişə sülh, barışıq tərəfdarı olan insanlar olduğumuz üçün bu cür davranış bizi çox məyus edir.

Bilirəm ki, Azərbaycan Qarabağ məsələsində tam haqlıdır və çox düzgün iddialar irəli sürür, eləcə də Hrant Dinkin Türkiyədə qətlə yetirilməsinin əleyhinə olanlardanam. Çünki mən hər şeydən öncə insanam və ölkələrin qardaşcasına, birlik, dayanışma içərisində yaşamasını düşünənlərdənəm. Atatürkün dediyi kimi, ”Yurdda sülh, cahanda sülh” sözləri hər birimizin həyat fəlsəfəsinə çevrilib. Ancaq Türk dünyasında ciddi bir çatışmazlıq var. Bizlər bir-birimizə sarılsaq, o qədər güclənərik ki. Dünyada gör nə qədər türk dövləti var. Mən bu məsələyə irqçi olaraq yox, məhz türkçü olaraq yanaşıram. Birimizin anası abxaz, birimizin anası çərkəz ola bilər. Mən türk torpaqları deyərkən, Anadolu torpağından ta Asiyaya qədər uzanan bir məsafə kimi görürəm. Onların mədəniyyətlərinin bir-birinə qovuşması, dünyaya özünü göstərməsi vacibdir. Biz Türk dünyası olaraq birləşməliyik. Ona görə də mən parçalanmağımızın ilk səbəbini özümüzdə görürəm.

- Yəni, Siz vahid türk dünyasının yaradılmasının tərəfdarısınız?

- Əlbəttə, tərəfdarıyam. Mən bu məsələyə irqi deyil, mədəni baxımdan yanaşıram. Mən həyatımda ilk dəfə Azərbaycana gəlmişəm, amma mən sizi, siz də məni çox gözəl başa düşürsünüz. Bundan daha gözəl bir duyğu ola bilərmi? Özümü evimdəki kimi hiss edirəm. Bizi birləşdirən nöqtələr çoxdur, bizim qardaşlığımız bütün qardaşlıqlar kimi deyil, bu qardaşlıq çox fərqlənir. Kaş bütün türk dövlətləri birləşəydi.

- Doqquz ay həbsdə yatmısınız. Həbsxana həyatınızı necə xatırlayırsınız?

- Mən bir mələk deyiləm, mən hım musiqiçi, həm də iş adamıyam. Bəzi anlarda iş adamı kimliyim musiqiçi kimliyimin önünə keçdi. İş adamı kimi iki dəfə iflas oldum. Həmin vaxtlarda da vergiləri ödəyə bilmədim, buna görə də isə Türkiyədə insanlar cəza alırlar. Mən də kişi kimi bu cəzanı çəkdim. İnsanlar xalqın milyonlarla pulunu yeyirlər, heç veclərinə də olmur. Ancaq mən çox kiçik bir miqdara görə həbs cəzasını çəkdim. İstəsəydim qaçardım, amma qaçmadım. Hələ də məhkəmələr davam edir, sıxıntılarım hələ də davam edir. Bütün bunların hamısının cavabdehi mən özüməm və günah da məndədir. Deməli mən işimi səhv qurmuşam. Ona görə də yavaş-yavaş biznesdən uzaqlaşmağa çalışıram. Ancaq və ancaq musiqi ilə məşğul olmaq istəyirəm.

- Azərbaycanda iş adamı olaraq fəaliyyətinizi davam etdirməyi düşünürsünüz?

- Belə bir fikrim yoxdur. Mən bundan sonra da yaxşı iş adamı olmayacağam, çünki mən bu işi bacarmadım. İki dəfə sınadım, ancaq olmadı. Mən ancaq musiqi dünyası ilə bağlı hər şeyə varam, ancaq iş dünyasında yoxam...
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR