“Azərreyl” baş məşqçisi ilə müqaviləni uzadıb

“Azərreyl” baş məşqçisi ilə müqaviləni uzadıb
# 02 iyun 2020 15:11 (UTC +04:00)

Qadınlardan ibarət “Azərreyl” klubu baş məşqçisi Famil Ağayevlə müqaviləni uzadıb.

Bu barədə apasport.az saytına məlumatı 34 yaşlı gənc mütəxəssisin özü verib.

O bildirib ki, 2016-cı ildən baş məşqçisi olduğu “dəmiryolçular”la yeni bir illik müqaviləyə imza atıb: “Növbəti mövsümdə komandada məşqçilər korpusunda dəyişiklik olmayacaq. Artıq hər birimiz 2020/21 mövsümü üçün “Azərreyl”lə anlaşmışıq. Onat Kurtla Emin Əbilov yenə köməkçi-məşqçi funksiyasını yerinə yetirəcək. Gənc Çingiz Ağayev də bu işdə bizə yardımçı olacaq”.

Ağayevin sözlərinə görə, həmişəki kimi “Azərreyl”in hədəfi azarkeşlərə sevinc bəxş etmək olacaq: “Son illər ardıcıl çempion oluruq. Düzdür, axırıncı mövsüm koronavirus pandemiyası səbəbindən ləğv olundu, hansısa komandaya medal verilmədi. Lakin yenə biz birinci yerdəydik. Heç bir görüşdə məğlub olmamışdıq. Hədəfimiz dəyişməyib. Yeni ildə də yalnız birincilik üçün oynayacağıq”.

Çalışdırıcı avrokubokda da Azərbaycanı layiqincə təmsil etmək arzusunda olduqlarını vurğulayıb: “Yeni mövsümdə yalnız “Azərreyl” Çelenc kubokunda oynayacaq. Artıq bu məqsədlə komanda formalaşmağa başlayıb. Məqsədimiz bizə olan etimadı doğrultmaqdır”.

Qeyd edək ki, “Azərreyl” yeni mövsüm üçün sloveniyalı Moytsa Pene və millimizin üzvü Kseniya Pavlenko ilə müqaviləni artırıb, slovakiyalı Romana Hudeçova və yığmamızın oyunçusu Yuliya Kərimova ilə 1 illik anlaşma əldə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR