Oktyabrın 5-də Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında (kişilər və qadınlar) stolüstü tennis yarışı keçirilib.
APA FHN-ə istinadən xəbər verir ki, Olimpiya sistemi üzrə keçirilən yarışda 21 qurumdan 30 kişi, 5 qadın mübarizə apararaq öz bacarıqlarını göstəriblər.
Turnirdə iştirak edən Fövqəladə Hallar Nazirliyinin stolüstü tennis üzrə yığma komandasının üzvləri əzmkar mübarizə apararaq yüksək nəticələr əldə etməyi bacarıblar. Belə ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı gizir Əli Bayramov yeddi görüş keçirərək bütün rəqiblərinə qalib gəlib və yarışın çempionu adına layiq görülüb. Bundan əlavə, komandanın digər üzvü – Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı baş gizir Vüqar İbrahimov yarışın bürünc medalının sahibi olub.
Qaliblər Gənclər və İdman Nazirliyinin təsis etdiyi diplom və medal ilə təltif olunublar.
Oktyabrın 7-də Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev yarışda uğur əldə etmiş əməkdaşlarla görüşərək onları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.