Bank Of Baku

Marneulidə şahmat üzrə gənclərarası Gürcüstan Şahmat Çempionatına start verilib

Marneulidə şahmat üzrə gənclərarası Gürcüstan Şahmat Çempionatına start verilib
# 03 may 2014 17:24 (UTC +04:00)

Marneuli. Nizami Məmmədzadə-APA. Bu gün Marneuli Gənclər Mərkəzinin təşkilatçılığı, Gürcüstan Şahmat Federasiyasının dəstəyi ilə Marneulidə gənclərarası Gürcüstan Şahmat Çempionatına start verilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, çempionatın keçirilməsi münasibəti ilə Marneuli Mədəniyyət Evində yığıncaq keçirilib. Tədbirə Gürcüstan hökumətinin rəsmi şəxsləri, rayon rəhbərliyi, ictimaiyyət və ölkənin bütün bölgələrindən gələn çempionat iştirakçıları qatılıblar. Yığıncaqda Marneuli Gənclər Mərkəzinin sədri Rəna Nurməmmədova, Marneuli Çay Evinin layihə meneceri Emin Əhmədov, Gürcüstan Şahmat Federasiyasının prezidenti Georgi Qeorqadze, Marneuli rayon icra hakimiyyətinin başçısı Merab Topçişvili, beynəlxalq qrosmeyster Valeri Qaprindaşvili çıxış edərək çempionatda iştirak edəcək Gürcüstanın bütün bölgələrindən gələn 8-12-16 yaşlarında 250 nəfər gənc şahmatçıya uğurlar və qələbə arzulayıblar. Məlumata görə, Marneulidən çempionata 25-ə qədər gənc qatılacaq. Şahmat yarışı 9 gün davam edəcək və mayın 12-də birinci yer tutan qaliblər Dünya çempionatına, ikinci yerə layiq görülən şahmatçılar Avropa çempionatına vəsiqə əldə edəcəklər. Yekunda qaliblər  qiymətli hədiyyələr, diplom, kubok və medallarla mukafatlandırılacaq.

Tədbirdə Çay Evinin nəzdində fəaliyyət göstərən “Buta” və “Çonquri” ansamblları gürcü və Azərbaycan rəqsləri nümayiş ediblər. Gənc müğənnilərdən “Qızıl Ulduz” yarışmasının iştirakçısı Anar Əsgərov, Riqada keçirilən festivalda Qran Pri mükafatı alan Şaban Məmmədov, Türkvizion yarışmasının iştirakçısı Elnar Balakişiyev, rep ifaçısı Afiq Novruzov gürcü və Azərbaycan mahnıları ifa ediblər.  

Qeyd edək ki, Marneulidəki Çay Evində ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəsmi maliyyə dəstəyi ilə keçiriləcək çempionat Gürcüstan Şahmat Federasiyası tərəfindən tanınır və dəstəklənir.

Gürcüstan Şahmat Federasiyasının prezidenti Georgi Qeorqadze APA-ya açıqlamasında Gənclərarası Gürcüstan Şahmat Çempionatının Marneulidə keçirildiyinə çox şad olduğunu bildirib: “Mən çox şadam ki, federasiyamızın yeni layihəsinə Marneulidə start verilib. Bu, böyük hadisədir. Marneulidə Çay Evi fəaliyyət göstərir və burada çempionat keçirilməsi üçün istənilən şərait var. Biz Çay Evi ilə əməkdaşlıq edirik. ARDNŞ-ın Gürcüstan nümayəndəliyi isə bizə dəstək verir. İnanıram ki, bu çempionatda Marneuli gəncləri də Gürcüstanda şahmatın inkişaf etdirilməsində öz sözlərini deyəcəklər”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR