Azərbaycan Poçt Əməliyyatları Şurasına üzv seçilib

Azərbaycan Poçt Əməliyyatları Şurasına üzv seçilib
# 07 oktyabr 2016 16:22 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Ümumdünya Poçt İttifaqının (ÜPİ) Türkiyədə keçirilən 26-cı Konqresi bu gün sona çatıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, nazir Ramin Quluzadənin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Ümumdünya Poçt İttifaqının İstanbulda keçirilən 26-cı Konqresi çərçivəsində təşkil olunan Nazirlər Konfransında iştirak edib.

Məlumata əssən, konqresin nəticələri Azərbaycan üçün uğurlu olub. Belə ki, Azərbaycan ÜPİ-nin 2 ali orqanından biri olan Poçt Əməliyyatları Şurasına üzv seçilib.

Eyni zamanda, konqresdə Azərbaycan Poçt Administrasiyası adından edilən 21 təklifin əksəriyyəti qəbul olunub, bir neçəsi sonrakı müzakirələr üçün təşkilatın növbəti ildə keçiriləcək sessiyasına göndərilib.

R.Quluzadə Nazirlər Konfransının “Ticarətin təşviqində poçtun rolu” mövzusunda sessiyada çıxış edərək Azərbaycanda poçt sektorunda aparılan islahatlar, elektron ticarətin təşviqi və poçt sektorunda maliyyə xidmətlərinin inkişafı ilə bağlı reallaşdırılan və perspektiv layihələr barədə tədbir iştirakçılarına məlumat verib.

Nazirlər Konfransı çərçivəsində R.Quluzadə ilə Ümumdünya Poçt İttifaqının Baş direktoru Bişar Hüseyn, Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan, İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi, Rusiyanın rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini Rəşid İsmayılovla ikitərəfli görüşlər keçirilib.

Görüşlərdə telekommunikasiya, poçt, peyk rabitəsi, yüksək texnologiyalar, geniş zolaqlı internet sahələrində birgə əməkdaşlığa dair müzakirələr və fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR