UNEC tələbələri Fransada təhsil alacaq

UNEC tələbələri Fransada təhsil alacaq
# 17 avqust 2016 09:22 (UTC +04:00)

Bakı-APA Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Fransanın nüfuzlu ali təhsil müəssisələrindən olan Montpellier Universiteti və Beynəlxalq Biznes və İdarəetmə Məktəbi (CEFAM) ilə sıx əməkdaşlıq edir.

UNEC-in Marketinq və Kommunikasiya Departamentinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, bu əməkdaşlıq çərçivəsində 2016/2017-ci tədris ilində UNEC-in 10 tələbəsi adıçəkilən universitetlərdə təhsil alacaq.

UNEC və Montpellier Universiteti arasında reallaşdırılan ikili diplom proqramına qoşulan beş tələbə bir akademik tədris ili ərzində Fransada təhsil almaqla dörd illik təhsil müddətinin sonunda həm UNEC, həm də Montpellier Universitetinin bakalavr diplomlarını əldə edəcəklər. Digər beş tələbə isə universitetlərarası tələbə mübadiləsi proqramı çərçivəsində bir semester ərzində CEFAM-ın kreditlərini qazanacaqlar. Bu tələbələrdən üçü eyni zamanda Erasmus+ təqaüdünə də layiq görülüb.

Fransanın Azərbaycandakı səfirliyində növbəti tədris ilində Fransada təhsil alacaq gənclərlə görüş keçirilib. Görüşdə Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Aureliya Buşez Fransada təhsil alacaq 50 tələbəni təbrik edib, Azərbaycanla Fransa arasında təhsil sahəsində əməkdaşlığın sürətlə inkişaf etdiyini bildirib və iki ölkənin universitetləri arasında ikitərəfli əlaqələrin əhəmiyyətindən danışıb. Tədbirdə Fransada təhsil alacaq gənclər arasında UNEC tələbələri və məzunlarının üstünlük təşkil etdiyi diqqətə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR