Minskdə MDB Baş Prokurorlarının Əlaqələndirmə Şurasının iclası keçirilib

Minskdə MDB Baş Prokurorlarının Əlaqələndirmə Şurasının iclası keçirilib
# 09 sentyabr 2016 15:18 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Minsk şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) İştirakçı Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının (BPƏŞ) 26-cı iclası keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, MDB prokurorluq orqanlarının əməkdaşlarının iştirak etdiyi tədbirdə Azərbaycanı baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş idarəsinin rəisi Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

İclasda çıxış edən K.Əliyev Azərbaycanın qlobal və regional səviyyədə terrorçuluğa qarşı mübarizə sahəsində qəbul edilən bütün beynəlxalq və regional konvensiyalara qoşulduğunu bildirib. Fəaliyyət strategiyasının banisinin Heydər Əliyev olduğunu vurğulayan K. Əliyev prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq antiterror koalisiyasının, o cümlədən enerji təhlükəsizliyi və sülhməramlı əməliyyatların həyata keçirilməsində fəal iştirakçılardan birinə çevrildiyini xüsusi vurğulayıb.

Bildirilib ki, ölkəmiz ötən əsrin sonlarında terrora məruz qalaraq 20% ərazisi Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş və nəzarətdən çıxan həmin ərazilər terrorçular üçün düşərgələrin yerləşdirilməsi, axtarışda olan terrorçulara sığınacaq verilməsi, təlimlərin keçirilməsi, terror aktlarının planlaşdırılması və törədilməsi üçün əlverişli zəmin və şərait yaradır.

Azərbaycan nümayəndə heyətinin rəhbəri K.Əliyev terrorçuluğa qarşı mübarizədə prokurorluğun rolu, ölkəmizdə bu sahədə qəbul edilmiş normativ hüquqi aktlar, milli konsepsiya və praktiki mexanizmlər barədə ətraflı məlumat verib.

İclasda həmçinin iqtisadi cinayətkarlığa qarşı mübarizə (Belarus), cəzaçəkmə müəssisələrində əhalinin sayının azaldılması (Qazaxıstan), seçkilərin keçirilməsi zamanı qanunçuluğun təmin olunması (Qırğızıstan), məhkəməyədək cinayət icraatında azyaşlıların hüquqlarının qorunması və bu sahədə prokuror nəzarəti (Rusiya), beynəlxalq təhlükəsizliyə təhdid edən cinayətkar qruplaşmalar və ekstremist təşkilatlara qarşı mübarizədə prokurorluq orqanlarının rolu (Tacikistan) mövzularında çıxışlar dinlənilib, fikir mübadiləsi aparılıb.

Tədbirdə Rusiya Federasiyasının Baş prokuroru Yuriy Çayka şuranın növbəti il üçün sədri seçilib və növbəti iclasın 2017-cı ildə Rusiyada keçirilməsi qərara alınıb.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Rusiya, Belarus, Moldova, Qazaxıstan, Qırğızstan və Tacikistan nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlər keçirərək ikitərəfli əməkdaşlığın inkişafına dair müzakirələr aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR