İstintaq Qrupunun üzvü: “Ermənilərin azərbaycanlı əsir və girovlara qarşı çoxsaylı ağlasığmaz cinayətlərinin üstü açılıb”

İstintaq Qrupunun üzvü: “Ermənilərin azərbaycanlı əsir və girovlara qarşı çoxsaylı ağlasığmaz cinayətlərinin üstü açılıb”
# 24 fevral 2016 11:25 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla bağlı humanitar fəlakət beynəlxalq hüquq müstəvisində" mövzusunda dəyirmi masa keçirilib.

APA-nın xəbərinə görə, tədbir Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən təşkil olunub.

Tədbirdə Dövlət Komissiyasının üzvləri, beynəlxalq təşkilatların nümayəndələri, Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər tərəfindən törədilmiş cinayətlərlə bağlı yaradılmış Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin birgə İstintaq Qrupunun nümayəndələri, QHT təmsilçiləri və başqaları iştirak ediblər.

Tədbiri giriş sözü ilə Dövlət Komissiyasının işçi qrupunun rəhbəri İsmayıl Axundov açıb. O, Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasının zəruriliyini qeyd edib: “Ermənilər azərbaycanlı əsir və girovları insanlığa sığmayan işgəncələrə məruz qoyublar. Ahıl, uşaq, qadın demədən onları qətlə yetiriblər”.

AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bildirib ki, ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayətlər haqda faktlar, sənədlər mövcuddur.

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin birgə İstintaq Qrupunun üzvü Ələkbər Xəlilov aparılan istintaq tədbirləri barədə məlumat verib: “Araşdırmalar zamanı ermənilər azərbaycanlı əsir və girovlara qarşı çoxsaylı ağlasığmaz cinayətlərinin üstü açılıb. Xocalıda 5 yaşlı qız uşağına yaxın məsafədən 17 güllə vurulub. Eyni zamanda, Xocalıda insanların başının dərisi soyulub, gözləri çıxarılıb, cinsiyyət orqanları kəsilib”.

Tədbirdə çıxış edən başqa iştirakçılar da ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayətlər barədə dünya ictimaiyyətinə dolğun məlumatların çatdırılmasının vacibliyini qeyd ediblər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR