Ömürlük azadlıqdan məhrum edilən polis əməkdaşı və digərləri Ali Məhkəməyə müraciət ediblər

Ömürlük azadlıqdan məhrum edilən polis əməkdaşı və digərləri Ali Məhkəməyə müraciət ediblər
# 23 aprel 2016 08:58 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində qətl və quldurluq cinayətləri törətməkdə təqsirləndirilən Şakir Orucov, Röyal Əhmədov, Rəşad Tağıyev və Rəhim Səttarovun apellyasiya şikayətləri üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərin vəkilləri çıxış ediblər. Onlar məhkəmənin ilkin baxış iclasının qərarından kassasiya şikayəti verdiklərini bildiriblər. Buna görə məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, ilkin baxış iclasında vəkillər prosesin istintaqla aparılması barədə vəsatət veriblər. Lakin məhkəmə vəsatətlərin təmin edilməməsi barədə qərar qəbul edib. Vəkillər isə həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini istəyiblər.

İttiham aktına əsasən, Şakir Orucov Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mühafizə Şöbəsinin polis nəfəri vəzifəsində işləyən zaman Röyal Əhmədovla cinayət əlaqəsinə girib. Onlar 2012-ci ildə Naxçıvan şəhəri, İstiqlal küçəsi, bina 23, mənzil 9-da yaşayan Axundova Nəsibə Nüsrət qızının imkanlı şəxs olmasını bilib, onu öldürərək evini qarət etmək qərarına gəliblər. Onlar qadının evinə basqın edib, onu öldürərək, evdən 60 min manat və xeyli miqdarda qızıl oğurlayıblar.

Ş.Orucov və R.Əhmədov Naxçıvan sakini Tahirə Əhmədovanın da evinə basqın edib, 6 min manat dəyərində qızıl oğurlayıblar. Basqın zamanı qadın evdə olmayıb.

Daha sonra onlar Bakı şəhərinə gəlib Rəşad Tağıyev və Rəhim Səttarovla cinayət əlaqəsinə girərək bir neçə quldurluq cinayəti törədiblər.

2015-ci ilin fevralında isə R.Tağıyev R.İsgəndərovla İran İslam Respublikasından narkotik maddə gətirən zaman sərhəd-keçid məntəqəsində tutulublar. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin bir neçə ağır maddələri ilə ittiham olunublar.

2016-cı ilin fevral ayının 5-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.Orucov ömürlük, R.Əhmədov 20 il, R.Tağıyev və R.Səttarov isə 13 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayətləri ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR