Polis Almaniya Futbol Federasiyasına basqın edib

Polis Almaniya Futbol Federasiyasına basqın edib
# 03 noyabr 2015 12:52 (UTC +04:00)

Bakı – APA. Bu gün Almaniya Futbol Federasiyasına polis basqını olub. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Frankfurtda yerləşən binaya basqının səbəbi rüşvətlə bağlı şübhələrin olmasıdı.

Məsələ burasındadı ki, Almaniyanın DÇ-2006-ya ev sahibliyi etmək üçün asiyalı dörd FİFA nümayəndəsinə 6,7 milyon avro rüşvət verdiyi iddiası ortaya atılıb. Bu səbəbdən də prokurorluğun əmri ilə polislər federasiyada olan sənədləri araşdırıb.

Federasiya prezidenti Volfqanq Nirsbaxın da yaxın keçmişdə bu məsələ ilə bağlı federasiya daxilində araşdırma apardığı üzə çıxıb. Daha sonra prezident rüşvət verilmədiyini bildirmişdi.

O, hətta 6,7 milyon avronu çempionat üçün onlara veriləcək pulu almaq məqsədilə FİFA-ya ilkin ödəmə kimi verdiklərini vurğulamışdı. Həmin vaxt mətbuat konfransında əksər sualları “bilmirəm”, “xatırlamıram” deyə cavablandıran Nirsbax ictimaiyyəti razı sala bilməmişdi.

Qeyd edək ki, Almaniya Futbol Federasiyasının sabiq prezidenti Teo Zvanziger dünya çempionatına ev sahibliyi etmək üçün o dövrdə “qara qutu” təşkil olunduğunu bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR