ABŞ Dövlət Departamenti: Krımın işğalı ilə əlaqədar sanksiyalar işğal sona çatana qədər qüvvədə qalacaq

ABŞ Dövlət Departamenti: Krımın işğalı ilə əlaqədar sanksiyalar işğal sona çatana qədər qüvvədə qalacaq
# 17 mart 2016 12:45 (UTC +04:00)

Bakı - APA. “ABŞ öz avropalı tərəfdaşları ilə birlikdə Krımın işğalı ilə əlaqədar Rusiyaya qarşı tətbiq olunmuş sanksiyaların gücləndirilməsi üzərində işləyəcək”.

APA-nın xəbərinə görə, bunu “İnterfaks-Ukraina” agentliyinə müsahibəsində ABŞ Dövlət Departamentinin sözçüsü Coşua Beyker bildirib. O deyib ki, ABŞ vahid və suveren Ukrayna fikrinə sadiqdir: “Biz əvvəl olduğu kimi, Krımın Rusiya tərəfindən işğalından dərin narahatlıq keçiririk. Yarımadada işğal orqanları yadfikirliliyi boğur. Mən xatırlatmaq istərdim ki, prezident Obama prezident Putinlə telefon söhbəti zamanı ABŞ-ın Krımı Rusiya ərazisi kimi tanımadığını bildirib. Biz 21-ci əsrdə güc tətbiqini, sərhədlərin dəyişdirilməsini qəbul etmirik. Krımın işğalı ilə əlaqədar sanksiyalar işğal sona çatana qədər qüvvədə qalacaq. Sanksiyaların gücləndirilməsinə gəlincə, düşünürəm ki, ABŞ bu kontekstdə avropalı tərəfdaşları ilə birlikdə çalışacaq”.

C. Beykerin sözlərinə görə, ABŞ təkcə Krımın qanunsuz ələ keçirilməsi və beynəlxalq hüququn pozulmasından yox, həm də Krım tatarlarının hüquqlarının pozulmasından narahatdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR