Azərbaycanda narkotik dövriyyəsində təqsirləndirilən türkiyəli iş adamı və onun şərikinə hökm oxunub

Azərbaycanda narkotik dövriyyəsində təqsirləndirilən türkiyəli iş adamı və onun şərikinə hökm oxunub
# 18 sentyabr 2015 11:54 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən türkiyəli iş adamı Atila Boran Talha oğlu və Azərbaycan vətəndaşı Ramil İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə A. Boran 8 il, R. İsmayılov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin yaydığı məlumata görə, bir qrup şəxsin ölkəyə gizli yollarla narkotik maddə və psixatrop maddələr gətirib satması barədə Baş İdarəyə əməliyyat məlumatı daxil olub. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Türkiyə vətəndaşı, 35 yaşlı Atila Boran Nərimanov rayonu ərazisində saxlanılıb. Onun üstündən, eləcə də yaşadığı evdən 40 qramdan çox kokain, 30 büküm sintetik üsulla hazırlanmış güclü təsirə malik banzay və 50 həb ekstazi aşkarlanaraq götürülüb.

Saxlanılan şəxs bildirib ki, 5 ilə yaxındır Bakıda bizneslə məşğuldur. Narkotik maddələrin satışına isə son bir ildə başlayıb. Atila Boran ifadəsində etiraf edib ki, biznes ortağı - Xətai rayon sakini, 28 yaşlı Ramin İsmayılovla əlbir olaraq dəfələrlə Türkiyədən qaçaqmalçılıq yolu ilə ölkəmizə müxtəlif tərkibli narkotik maddələr gətiriblər. Əməliyyat axtarış tədbirlərini davam etdirən polis əməkdaşları Ramin İsmayılovu da yaxalayıblar. Saxlanılarkən onun üstündən 15 qram kokain və 30 həb ekstazi aşkarlanaraq maddi sübut kimi götürülüb.

İstintaq araşdırmaları ilə müəyyən edilib ki, ölkəmizə narkotik maddə gətirərək satmaq təklifini Atila Boran verib. Ramin İsmayılov isə dəfələrlə Atila Borana pul verərək Türkiyəyə göndərib və kokain, banzay, həmçinin ekstazi gətirməyi tapşırıb. Narkotik tərkibli maddələr gizli yollarla Bakıya gətirilib və satılıb. Əldə edilən pullar isə aralarında bölüşdürülüb.

Onu da qeyd edək ki, hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, cəzalarının yüngülləşdirilməsini xahiş ediblər. Hazırda onların şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR