Avstriya prezidenti: "Ümid edirik ki, Azərbaycan həmsədrlər və ATƏT-in digər strukturları ilə sıx işləməyə davam edəcək"

Avstriya prezidenti: "Ümid edirik ki, Azərbaycan həmsədrlər və ATƏT-in digər strukturları ilə sıx işləməyə davam edəcək"
# 18 mart 2016 08:54 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Biz ümid edirik ki, Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in digər strukturları ilə sıx işləməkdə davam edəcək”.

APA-nın məlumatına görə, bu sözləri gələn il ATƏT-ə sədrlik edəcək Avstriyanın prezidenti Haynz Fişer “The Business Year” jurnalına müsahibəsində deyib. O, ölkəsinin gələnilki sədrliyindən danışaraq Avstriyanın ümumilikdə çoxtərəfli diplomatiyaya böyük əhəmiyyət verdiyini vurğulayıb: “Avstriyanın ATƏT-də sədrliyi hazırkı Almaniya sədrliyinin mükəmməl işi üzərində qurulacaq. Biz həssas olan Dağlıq Qarabağ məsələsi barədə xəbərdarıq. 2015-ci ildə təmas xəttində zorakılıq hallarının dramatik şəkildə artması narahatlıq üçün ciddi səbəbdir. Mən ATƏT-in Minsk Qrupu həmsədrlərinin münaqişənin həli ilə bağlı səyləri ilə əlaqədar Azərbaycan tərəfinin məyusluqlarından da xəbərdaram. Buna baxmayaraq, biz əminik ki, Minsk Qrupu münaqişənin həlli üçün yeganə praktik platformadır. 2007-ci il Madrid prinsiplərinə əsaslanan həll hələ də masa üzərindədir və mənə verilən informasiyaya əsasən Rusiya bununla yanaşı oxşar həll variantını təşviq edir”.

H. Fişer Azərbaycan tərəfinin ATƏT-in Bakıdakı layihə koordinatorluğunun bağlanması ilə əlaqədar ötən ilin iyulunda verdiyi qərardan təəssüfləndiklərini vurğulayıb: “Bu addım təəssüf ki, ATƏT-in Azərbaycandakı müsbət rolunu nəzərəçarpacaq dərəcədə zəiflədib və Azərbaycanın ATƏT çərçivəsində təhlükəli şəkildə təcrid olunmasına gətirib çıxara bilər. ATƏT-in münaqişənin həllində vacib rol oynayan təşkilat olmasını nəzərə alaraq, Azərbaycan qərarına yenidən baxa və ofisin açılmasını yenidən nəzərdən keçirə bilər. Mən əminəm ki Azərbaycanın narahatlıqları nəzərə alınmaqla, ofisin dəqiq mandatı barədə danışılar aparmaq mümkündür. Avstriya özünün yaxşı xidmətlərini təklif etməkdən və münaqişənin uzunmüddətli həlli yoluna daha bir pillə qoymaqdan şad olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR