Keşlə dəmir yolu qovşağında kompleks mülki müdafiə təlimi keçirilib

Keşlə dəmir yolu qovşağında kompleks mülki müdafiə təlimi keçirilib
# 21 sentyabr 2016 10:03 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Azərbaycan Dəmir Yolları” QSC-nin 2016-cı ilin Mülki Müdafiə tədbirlər planına müvafiq olaraq, bu gün Keşlə dəmir yolu qovşağının ərazisində yerləşən Bakı lokomotiv deposunda “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə orqan və qüvvələrinin idarə edilməsi” mövzusunda növbəti kompleks mülki müdafiə təlimi keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun “APA-Economics”ə verdiyi məlumata görə, bununla əlaqədar Keşlə dəmir yolu MM qovşağının rəhbər işçiləri, Fövqəladə Hallar Komissiyasının üzvləri, MM qüvvələri və şəxsi heyəti, qovşağın ərazisində yerləşən digər dəmir yolu müəssisələrinin işçiləri təlimə cəlb olunub. Təlimi Fövqəladə Hallar Nazirliyinin və “Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşları müşahidə edirdilər.

Təlimin keçirilməsində əsas məqsəd fövqəladə hallar zamanı qovşağın ərazisində yerləşən obyektlərin MM planlarının reallığının əks etdirilməsi, mövcud xəbərdarlıq sxemi əsasında MM qüvvələrinin çevik qaydada hazır vəziyyətə gətirilməsi, hadisə yerinə göndərilməsi, yaranmış vəziyyətin qiymətləndirilməsi, hadisə yerindən məlumatların toplanması, mülki müdafiə qüvvələrinin fasiləsiz və düzgün idarə olunması bacarığının təkmilləşdirilməsi, dəyəcək ziyanın müəyyən qədər azaldılmasının hərtərəfli dərindən təhlil edilməsidir.

Bakı lokomotiv deposu ərazisində keçirilən kompleks təlim həyəcan siqnalının verilməsi ilə başlayıb. Qovşaq rəhbəri məlumat verib ki, şərti olaraq səhər saatlarında baş verən zəlzələ nəticəsində iki yük vaqonu relsdən düşərək aşıb, xəsarət alanlar var, dirəklərin yıxılması nəticəsində elektrik naqilindən düşən qığılcımdan yanğın baş verib, deponun xidməti binalarının bəzi sahələrində uçqunlar olub. Uçqunlar altında qalanlar, ölənlər, yanğından zərər çəkənlər və xəsarət alanlar var. Elektrik qatarında yanğın baş verib.

Təlim rəhbəri təbii fəlakətin və texnogen qəzanın nəticələrinin aradan qaldırılması üçün MM qüvvələrinə müvafiq göstərişlər verib. Növbəti yarana biləcək vəziyyətdə təlim iştirakçılarının vəzifələri dəqiqləşdirilib. Ərazi dərhal çəpərlənib, kəşfiyyat aparılıb, müvəqqəti rabitə bərpa edilib, yanğından mühafizə və xilasetmə manqaları əraziyə daxil olub, mövcud vasitələrlə yanğın ocaqları söndürülüb, yaralılara ilkin tibbi yardım göstərilib və onlar xərəklə tibb məntəqəsinə aparıblar. Elektrik qatarından sərnişinlər və inzibati binadan işçilər təxliyə edilib. Bərpa komandası bərpa işlərinə başlayıb.

Təlimdən sonra keçirilən müşavirədə Hərəkətin təhlükəsizliyi üzrə baş texniki müfəttişliyin mülki müdafiə işləri üzrə texniki müfəttişi və Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə Qoşunlarının əməkdaşları çıxış edərək qovşaqda mülki müdafiə qüvvələrinin hazırlıq vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR