Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Dünya Mədəniyyət Festivalında iştirak edib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Dünya Mədəniyyət Festivalında iştirak edib
# 16 mart 2016 14:05 (UTC +04:00)

Bakı-APA. Hindistanın Nyu Dehli şəhərində Dünya Mədəniyyət Festivalı keçirilib. Festivalda Azərbaycanı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi fəxri qonaq qismində təmsil edən yeganə dövlət qurumu olub. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın 16-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) həmin səfərin nəticələri ilə bağlı tədbir keçirilib. BBMM-in Analitika şöbəsinin müdiri Nəriman Qasımoğlu səfəri ilə bağlı tədbir iştirakçılarına məlumat verib.

Şöbə müdiri bildirib ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə Hindistandan sözügedən festivalda iştirakla bağlı müraciət daxil olub. BBMM rəhbərliyi müraciəti müsbət cavablandırıb və Nəriman Qasımoğlu Hindistana ezam edilib.

Nəriman Qasımoğlu Dünya Mədəniyyət Festivalının yaranması və fəaliyyəti haqqında məlumat verib: “155 ölkədən 3 milyon yarım insanın qatıldığı, Hindistan dövlətinin diqqətində olan- ölkənin baş naziri Narendra Modinin də yaxından iştirak etdiyi məşhur festival “Art of Living” (“Yaşamaq sənəti”) humanitar təşkilatı tərəfindən hər beş ildən bir təşkil olunur. “Art of Living” təşkilatı 1981-ci ildə Hindistanın tanınmış ruhani lideri, ictimai xadimi Sri Sri Ravi Şankar tərəfindən yaradılıb. Sri Sri Ravi Şankar gənc yaşlarında inzivaya çəkilib, bir müddət sonra hazırda dünyada məşhur olan Sudarşan Kri adlı düzgün tənəffüs texnikasını özündə ehtiva edən yoqa təlimini yaymağa başlayıb. Ruhani liderin fikrincə, düzgün tənəffüs vasitəsilə stressdən qurtulmaq və ali həqiqətə yetişmək mümkündür. “Art of living” təşkilatı Sri Sri Ravi Şankarın rəhbərliyi ilə dünyanın 150-dən artıq ölkəsində təbii və texnogen fəlakətlərdən, müharibə və terrordan əziyyət çəkən insanlara humanitar yardım göstərir. Təşkilat çoxmədəniyyətli Hindistanda Dünya Mədəniyyət festivalının təşkil etməklə fərqli dinlərin, müxtəlif xalqların nümayəndələrini bir araya gətirib sülhü, barışı, multikulturalizmi, tolerantlığı, mərhəməti, sevgini təbliğ etmək məqsədi daşıyır”.

Nəriman Qasımoğlu Sri Sri Ravi Şankarla söhbəti zamanı Azərbaycan multikulturalizmi modeli haqqında ona məlumat verib.

Tədbirdə festivalla bağlı videoçarx və fotoslayd nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR