Rezidentlərin yekun attestasiyası keçiriləcək

Rezidentlərin yekun attestasiyası keçiriləcək
# 15 oktyabr 2015 14:01 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Rezidentlərin 2014/2015-ci tədris ili üzrə yekun attestasiyası Azərbaycan Tibb Universitetində (ATU) Səhiyyə Nazirliyinin 08 oktyabr 2015-ci il tarixli 84 nömrəli əmri ilə təsdiq edilmiş Attestasiya Komissiyası tərəfindən aparılacaq. Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, yekun attestasiya iki mərhələdə (yazılı test və praktiki komponent) həyata keçiriləcək.

Bildirilib ki, ötən tədris ilində yekun attestasiyadan keçmədiklərinə görə təkrari yekun attestasiyadan keçmək hüququ saxlanılan rezidentlər də yekun attestasiyada iştirak etmək üçün müraciət etməlidirlər. Yekun attestasiyanın istənilən mərhələsində və sınaq imtahanında iştirak etmək üçün rezidentlər mütləq şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.

Yekun Attestasiyanın yazılı test hissəsi 23 oktyabr 2015-ci il tarixində saat 11.00-da ATU-nun Virtual Test Mərkəzində (VTM) keçiriləcəkdir. Rezidentlərdən saat 10.30-da Virtual Test Mərkəzində olmaları tələb olunur.

Rezidentlərin attestasiyanın test hissəsində texniki səhvə yol verməmələri üçün 19 oktyabr 2015-ci il və 20 oktyabr 2015-ci il tarixlərində saat 14.00-da VTM-də sınaq test imtahanları keçiriləcək. Bütün rezidentlərin sınaqlarda iştirakı vacibdir.

Rezidentlər imtahana buraxılmaları üçün şəxsiyyət vəsiqələrini təqdim edərək VTM-də istifadəçi şifrəsini əldə etməlidirlər.

Yekun attestasiyanın test hissəsindən müvəffəqiyyətlə keçən rezidentlər yekun attestasiyanın praktiki hissəsində iştirak etməlidirlər. Yekun attestasiyanın praktiki hissəsi 29 oktyabr 2015-ci il və 30 oktyabr 2015-ci il tarixlərində saat 9.00-da ATU-nun ixtisas üzrə müvafiq kafedralarında keçiriləcək. Rezidentlərin göstərilən günlərdə saat 8.45-də ATU-nun ixtisas üzrə müvafiq kafedralarında olmaları tələb olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR