Tiflisdə reproduktiv sağlamlığın qorunması mövzusunda 17 ölkənin səhiyyə işçilərinin görüşü keçirilib

Tiflisdə reproduktiv sağlamlığın qorunması mövzusunda 17 ölkənin səhiyyə işçilərinin görüşü keçirilib
# 14 mart 2016 22:08 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Tiflisdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və BMT-nin Əhali Fondunun dəstəyi ilə 17 ölkənin səhiyyə işçilərinin qatıldığı "İnsan haqları əsasında reproduktiv sağlamlığın qorunması sahəsində 2017-2021-ci illər üçün Avropa tədbirlər planı" mövzusunda işçi görüşü keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri BMT-nin əhali Fondunun Gürcüstan üzrə müşaviri Tamar Xomasurideze açıb. Tədbirdə Gürcüstan Səhiyyə Nazirinin müavini Nino Burduli, BMT-nin əhali Fondunun Türkiyə təmsilçisi, həmçinin fondun Azərbaycan və Gürcüstan üzrə direktoru Karl Kulessa, ÜST-nin Avropa regional bürosunun seksual və reproduktiv sağlamlıq proqramının rəhbəri Qunta Lazdane, Azərbaycanın Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Mamaçılıq və Ginekologiya İnstitutunun elmi katibi Leyla Məmmədova və başqaları çıxış edərək reproduktiv sağlamlığın qorunması, əhəmiyyəti və vacibliyindən, bu sahədə həyata keçirilən tədbirlərdən, həllini gözləyən problemlər haqqında çıxış edərək regionda Avropa üçün tədbirlər planının işlənib hazırlanmasının vacib olduğunu vurğulayıblar.

Tədbirdə Azərbaycanı 3 nəfər səhiyyə işçisi təmsil edib.

Tədbirdə "Avropa regionunda sağlamlıq sahəsində əldə olunan uğurlar və çağırışlar", "BMT-nin qadınlar, uşaqlar və yeniyetmələr üçün səhiyyə strategiyası", "Ana və yeni doğulan uşaqların bütün mərhələlərdə reproduktiv sağlamlığının möhkəmləndirilməsində Avropanın 2020-ci il üçün siyasəti" və digər mövzularda məruzələr dinlənilib.

Sonra mövzulara aid suallar cavablandırılıb, plenar müzakirə aparılıb.

Qeyd edək ki, ilk görüş Kopenhagendə keçirilib.

Azərbaycanın Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Mamaçılıq və Ginekologiya İnstitutunun elmi katibi Leyla Məmmədova APA-ya açıqlamasında Azərbaycanda ailə planlaşdırılması sahəsində görüləcək işlərin çox olduğunu bildirib. Onun sözlərinə görə, bu, ana ölümünün qarşısının alınması baxımından çox vacibdir: "Azərbaycanda ana və uşaq ölümünə çox ciddi diqqət yetirilir. Bu sahədə dövlət və hökumət proqramları həyata keçirilir. Ölkəmizdə ana və uşaq sağlamlığının qorunması başlıca şərtlərdən biridir. Azərbaycanda 2008-2015-ci illər üçün qəbul olunan milli strategiya planı artıq sona çatıb. Biz indi yeni mərhələyə qədəm qoyuruq. Bu gün baş tutan tədbir Ümumdünya Səhiyyə Təşkilatının və BMT-nin əhali Fondunun dəstəyi ilə Avropada reproduktiv sağlamlıq üzrə ümummilli sağlamlıq strategiyası işləyib hazırlamaq üçün işçi görüşümüzdür", - deyə L. Əliyeva bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR