“Azərbaycan Nadir Əfşar Dövləti" adlı kitabın türkcə nəşrinin təqdimatı keçirilib

“Azərbaycan Nadir Əfşar Dövləti" adlı kitabın türkcə nəşrinin təqdimatı keçirilib
# 20 aprel 2016 11:17 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bakı Avrasiya Universitetində "Azərbaycan Nadir Əfşar Dövləti" adlı kitabın türk dilində nəşrinin təqdimatı keçirilib.


APA-nın məlumatına görə, kitabın müəllifi Cahangir Hüseyn Əfşar Nadir şahın həyatı və fəaliyyəti barədə danışaraq bildirib ki, əsərin türk dilində nəşr olunmasında məqsəd Azərbaycan tarixinin Türkiyədə də təbliğ olunmasıdır. O deyib ki, kitabın Azərbaycan dilində nəşri də böyük marağa səbəb olub və geniş oxucu kütləsi qazanıb: "Mən hüquqşünas olsam da, hələ illər öncə Azərbaycan tarixinin araşdırılmasını qarşıma məqsəd qoymuşdum. 2012-ci ildə mən ilk kitabı yazıb bitirdim və 2014-cü ildə oxuculara təqdim olundu. İki il ərzində Təbriz, İstanbul, Ankara, Moskva, Vatikan şəhərlərinin arxivlərində işləməklə kitabın Azərbaycan dilində variantını ərsəyə gətirdim. Əfşarlar nəslinin nümayəndəsi kimi, mən dünyanın müxtəlif yerlərində olan tarixi sənədləri topladım, Nadir şahın diplomatik yazışmalarını əldə etdim".

Türkoloq Seyfəddin Altaylı çıxışında Nadir şah dövrünə nəzər salaraq, onun dövlətçilik fəaliyyəti, xarici və daxili siyasəti barədə danışıb. O, Nadir şahı dünya tarixinin əvəzsiz sərkərdəsi adlandırıb.

BDU-nun professoru Vüqar Məmmədov isə Azərbaycan tarixi irsinin öyrənilməsində əsərin vacibliyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR