Bakı. Fərid Mirzəyev - APA. “Akademiya sentyabrın 28-dən etibarən Dilçilik İnstitutunda yoxlama işi aparır. Ancaq mətbuatda böyük məbləğdə yeyinti haqda danışırlar.
Guya yoxlama işini Maliyyə Nazirliyi aparır. Ümumiyyətlə, mənim həmin məbləğ haqda heç bir məlumatım yoxdur”. Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev deyib.
Akademik bildirib ki, iki gün əvvəl mətbuatda yayılan fikirlər ona məxsus deyil: “Mediada iki gün əvvəl mənim adımdan yayılan açıqlamanın mənə heç bir aidiyyəti yoxdur. Bu sözləri mən deməmişəm. Bu yoxlama Akademiyanın öz institutlarında apardığı növbəti yoxlamalardan biridir”.
T. Hacıyev bildirib ki, o da hamı kimi bu yoxlamanın nəticələrini gözləyir.
Akademik onu da qeyd edib ki, hazırda Nəsimi adına Dilçilik İnstitutunun direktoru vəzifəsini o icra edir.
Xatırladaq ki, sentyabrın 28-dən AMEA Nəsimi adına Dilçilik İnstitutunda institutun fəaliyyəti ilə bağlı monitorinqlərə başlanılıb.
T. Hacıyev bir müddət öncə tutduğu vəzifədən istefa versə də, daha sonra ərizəsini geri götürüb. Hazırda AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktor vəzifəsini həm Tofiq Hacıyev, həm də Möhsün Nağısoylu icra edir.