Qadın bankir: “Yaxşı ana, yaxşı həyat yoldaşı ola bilməyən qadın yaxşı rəhbər ola bilməz” - MÜSAHİBƏ

Qadın bankir: “Yaxşı ana, yaxşı həyat yoldaşı ola bilməyən qadın yaxşı rəhbər ola bilməz” - <span style="color: red;">MÜSAHİBƏ
# 08 mart 2016 08:46 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür. Qadınlar bir çox sahələrdə, o cümlədən maliyyə sektorunda da aktiv fəaliyyət göstərir, mühüm vəzifələr tuturlar. Belə xanımlardan biri də “Azər Türk Bank”ın İdarə Heyəti sədrinin müavini Rumiyə Məmmədovadır. İşlərinin çox olmasına baxmayaraq, Rumiyə xanım “APA-Economics”in suallarını cavablandırmağa razılıq verdi. Müsahibəni oxucularımıza məmnuniyyətlə təqdim edirik:

- Rumiyə xanım, başlayaq elə ondan ki, artıq qadınların mətbəxdə oturduğu dövr keçib. Qadınlar müxtəlif sahələrdə fəaliyyət göstərir və sizin kimi rəhbər vəzifə tutan xanımlar kifayət qədərdir. Kifayət qədər mühüm vəzifə tutursunuz. Çətin deyil ki?


- İnsan öz işinə məhəbbətlə yanaşdıqda, heç bir işin öhdəsindən gəlmək çətin olmur. Ümumiyyətlə, belə bir deyim var: evdən işə, işdən evə sevinə-sevinə gedən insanlar xoşbəxtdir. Çox şükürlər olsun ki, mən o insanlardanam. İşinə məhəbbətlə yanaşanda ondan aldığın zövq o işin çətinliyini üstələyir. Çalışdığım sahə çətin sahədir. Lakin çətin olduğu qədər də mənə zövq verir. Çünki mən öz işimə sevgi ilə yanaşıram.

- Bilirik ki, iş qrafikiniz kifayət qədər gərgindir. Ailənizə vaxtınız qalırmı?

- Düşünürəm ki, yaxşı ana, yaxşı həyat yoldaşı ola bilməyən qadın yaxşı rəhbər işçi də ola bilməz. Təbii ki, ailəmə istədiyimdən, arzuladığımdan daha az vaxt sərf edə bilirəm. Amma bankdakı vəzifəm qədər valideyn kimi də işimin öhdəsindən gəlməyə çalışıram. Bu gün övladlarım “bizim ailəmiz xoşbəxt ailədir” deyə bilirsə, demək, vaxtın azlığına rəğmən bu işi bacarmışam.


- Bizim rəhbərimiz də qadındır. Olduqca tələbkardır. Siz də tələbkarsınız?

- Bunu bizim işçilərdən soruşsanız, hesab edərəm ki, onlar daha düzgün cavab verərlər. Mənim fikrimcə, bəli, mən işdə çox tələbkaram. Mən etdiyimiz hansısa işin başqa bir təşkilatın etdiyi işlə müqayisədə daha yaxşı olması fikrini qəbul etmirəm. Mən ən mükəmməl olanı tələb edirəm. Bunu əldə etməyə çalışıram və nəticəni qiymətləndirməyi bacarıram.

- Adətən cəmiyyətdə ciddi ictimai-siyasi status qazanan kişilər barədə deyirlər ki, “Hər güclü kişinin arxasında bir qadın dayanır”. Sizin fikrinizcə, cəmiyyətdə layiqli yer tutmuş qadın kimə və nəyə borcludur?

- Təbii ki, insanların uğurlarının əsasında onlara verilən tərbiyə, təhsil, özünəinam hissi dayanır. Bu baxımdan, düşünürəm ki, uğurlarımın bünövrəsini ilk növbədə valdeynlərim təşkil edir. Uğurlarımın sonrakı təminatçıları isə, müəllimlərim, mühit və mənim əməyimə qiymət verən, etibar edən, etimad göstərən rəhbərlərimdir.

- İstənilən sahədə həm kişi, həm də qadınlar çalışır. İstər - istəməz onları, xüsusilə gördükləri işi müqayisə edirlər. Bəziləri deyir ki , filan işin öhdəsindən kişilər daha yaxşı gəlir, digərləri deyir ki, filan sahədə qadınlar da uğurludur. Kişi bankirlə qadın bankirin əsas fərqləri nədir?

- Ümumiyyətlə, qadın rəhbər çalışdığı müəssisəyə təbiətin ona bəxş etdiyi analıq hissinə əsaslanaraq yanaşır, müəssisə və təşkilatda ailə mühitinin, ailə istiliyinin yaranmasına çalışır. Ona görə də düşünürəm ki, nəinki bank sektorunda, bütün səhələrdə fəaliyyət göstərən təşkilatların rəhbərliyində qadınların təmsil olunmasına ehtiyac var. Əfsuslar olsun ki, bu gün Azərbaycanda bank sektorunda rəhbər vəzifələrdə çalışan qadınların sayı azdır. Lakin bu, qadınların ağıl, intellektual düşüncə, dərrakə baxımdan bu işin öhdəsindən gələ bilməməsi kimi izah olunmamalıdır. Qadınlar istər ailədə, istərsə də iş həyatında hər bir məsələyə son dərəcə məsuliyyətlə yanaşır. O da var ki, qadınlar əksər hallarda iş və ailə arasında seçim edərkən ailəni seçirlər, özlərini ailələrinə həsr edirlər.

- Yekun sualım: siz qadınları hansı sahədə görmürsünüz?

- Ağır fiziki güc tələb edən işlər, müxtəlif ağır idman növləri var ki, istəmərəm, zərif cinsin nümayəndələri həmin sahələrdə kişilərlə rəqabət aparsın. Amma söhbət zehni işdən gedirsə, bu fikirlə heç cür razılaşa bilmərəm. Düşünürəm ki, qadınlar əvvəldə qeyd etdiyim ağır fiziki işlər istisna olmaqla, istənilən sahədə kişilərə rəqib ola bilər.


Gözəllik, zəriflik rəmzi olan Azərbaycan qadınları tarixin bütün dönəmlərində bunu isbat ediblər və bu gün də etməkdədirlər. Mən fürsətdən istifadə edib bütün Azərbaycan qadınlarını 8 Mart Beynlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm, onlara uzun ömür cansağlığı və qadın xoşbəxtliyi arzulayıram.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR