İşləyən məcburi köçkünlərə dondurulmuş iş yeri üzrə orta aylıq əməkhaqqının verilməsi dayandırılıb

İşləyən məcburi köçkünlərə dondurulmuş iş yeri üzrə orta aylıq əməkhaqqının verilməsi dayandırılıb
# 17 mart 2016 14:04 (UTC +04:00)

Bakı. Ramiz Mikyaıloğlu-APA. Nazirlər Kabineti “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi üzrə əlavə tədbirlər haqqında” qərar verib.

APA-nın məlumatına görə, “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq, iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” qüvvədə olan qərara əsasən Maliyyə Nazirliyi və müvafiq icra hakimiyyəti orqanları büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarda işləmiş, lakin özlərindən asılı olmayan səbəblərə görə işlə təmin edilməmiş məcburi köçkünlərə 2016-cı il yanvarın 1-dək orta əmək haqları verilməli idi.

Dəyişikliyə əsasən bu müddət 2017-ci il yanvarın 1-dək uzadılıb. Təhsil Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə, digər aidiyyəti dövlət orqanlarına və əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarına tapşırılıb ki, büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərə müvəqqəti məskunlaşdıqları ərazilər üzrə orta aylıq əməkhaqqının verilməsini elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişini və onun qeydiyyata alınmasını təsdiq edən məlumatı əldə etdikdən sonra həyata keçirsinlər, büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş, yaşadıqları rayonların ərazisi işğal olunduqdan sonra işləməyən və pensiya yaşına çatmayan məcburi köçkünlərin fərdi identifikasiya nömrələri qeyd edilməklə adlı siyahısını 2016-cı il aprelin 1-dək Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə təqdim etsinlər. Eyni zamanda tabeliyində olan qurumlarda boş (vakant) iş yerlərinə məcburi köçkünlərin işə qəbulu ilə bağlı müvafiq tədbirlərin görülməsini daha da gücləndirsinlər və görülmüş işlər barədə hesabatı rübdə bir dəfə Nazirlər Kabinetinə təqdim etsinlər.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə tapşırılıb ki, aidiyyəti dövlət orqanlarının və əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarında çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş, yaşadıqları rayonların ərazisi işğal olunduqdan sonra işləməyən və pensiya yaşına çatmayan məcburi köçkünlərin fərdi identifikasiya nömrələri qeyd edilməklə təqdim etdikləri adlı siyahını 10 gün müddətində icmallaşdıraraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, 10 gün müddətində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təqdim etdiyi siyahı əsasında müvafiq məlumatları “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi alt sistemi”ndə olan məlumatlarla üzləşdirsin və bu barədə müvafiq məlumatları Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə və Maliyyə Nazirliyinə təqdim etsin, məşğulluq xidməti orqanlarına müraciət etmiş məcburi köçkünlərin məşğulluğu ilə bağlı qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin. Qərara əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində işğal altında olan rayonların büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarına aid edilməyən digər işəgötürənlərlə istər əsas, istərsə də əlavə iş yeri üzrə əmək müqaviləsi bildirişi qeydiyyata alınan məcburi köçkünlərə dondurulmuş iş yeri üzrə orta aylıq əməkhaqqının verilməsi dayandırılacaq.

Bu qərar 2016-cı il yanvarın 1-dən qüvvəyə minib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR