"Azərqarant", "Qala Sığorta" və "Günay Sığorta" ən az sığorta haqqı toplayan şirkətlərdir

"Azərqarant", "Qala Sığorta" və "Günay Sığorta" ən az sığorta haqqı toplayan şirkətlərdir
# 26 yanvar 2016 08:05 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Ötən il Azərbaycanda toplanmış sığorta haqlarının məbləğinə görə 1-ci yeri "Paşa Sığorta" şirkəti tutub.

"APA-Economics"in xəbərinə görə, Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov deyib ki, şirkət 64,8 mln. manat sığorta haqqı toplayıb.

Sonrakı yerlərdə qərarlaşmış "Paşa Həyat Sığorta"nın yığımları 54,5 mln. manat, "Atəşgah Sığorta"nın yığımları isə 43,5 mln. manat olub. Sığorta yığımlarının məbləğinə görə, ilk beşliyi “Azərsığorta” (41,4 mln. manat) və “Atəşgah Həyat Sığorta” (39,1 mln. manat) şirkətləri tamamlayırlar. Ümumilikdə bazarın 55%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına (təxminən 243 mln. manat) düşür.

Ən az sığorta haqqı toplayanlar isə "Başak İnam" (1 mln. manat), “Amrah Sığorta” (886 min manat), “Azərqarant” (300 min manat), "Qala Sığorta" (80 min manat) və "Günay Sığorta" (62 min manat) şirkətləri olub. Bu şirkətlərin ümumi göstəricisi təxminən 2,3 mln. manat olub və ümumi sığorta yığımlarının 0,5%-ni təşkil edib.

Lisenziyası 2014-cü ilin dekabrında dayandırılmış, 2015-ci ilin iyununda isə ləğv edilmiş “Era-Trans” sığorta şirkəti təbii olaraq sığorta haqqı toplamayıb.

Ümumilikdə 27 sığorta şirkətindən 1-də sığorta haqlarının məbləği 60 mln. manatdan çox, 1-də 50 mln. manatdan çox, 2 şirkətdə 40 mln. manatdan çox, 2 şirkətdə 30 mln. manatdan çox, 1 şirkətdə 20 mln. manatdan çox, 9 şirkətdə 10 mln. manatdan çox, 6 şirkətdə 1 mln. manatdan 5 mln. manata qədər, 1 şirkətdə 500 min manatdan 1 mln. manata qədər, 4 şirkətdə isə 500 min manatdan da aşağıdır. Şirkətlərdən 8-də sığorta haqlarının artımı, 19-da isə azalması baş verib.

Sığorta ödənişlərinin məbləğinə görə də 1-ci yerdə “PAŞA Sığorta” şirkətidir – 29,9 mln. manat. Sonrakı yerləri tutmuş “Atəşgah Həyat Sığorta”nın ödənişləri 18,2 mln. manat, “Qala Həyat Sığorta”nın ödənişləri isə 17,6 mln. manat təşkil edib. Ödənişlərin məbləğinə görə, ilk 5-liyi “PAŞA Həyat Sığorta” (16,3 mln. manat) və “Azərsığorta” (13,2 mln. manat) şirkətləri tamamlayır. Ümumilikdə, ödənişlərin 54%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına (təxminən 98 mln. manat) düşür.

Ən az ödəniş edən şirkətlər isə “Era-Trans” (183 min manat), “Günay Sığorta” (97 min manat), “Qala Sığorta” (53 min manat) və “Azərqarant” (3 min manat manat) olub. Bu şirkətlərin ümumi göstəricisi 336 min manat olub ki, bu da ödənişlərin 0,2%-ni təşkil edir.

Ümumilikdə 27 sığorta şirkətindən 1-də ödənişlərin məbləği 20 mln. manatdan çox, 6-da 10 mln. manatdan çox, 4-də 5 mln. manatdan çox, 9-da 1 mln. manatdan 5 mln. manata qədər, 3 şirkətdə 500 min manatdan 1 mln. manata qədər, 1 şirkətdə 100 min manatdan 500 min manata qədər, 3 şirkətdə isə 100 min manatdan da aşağıdır. Şirkətlərdən 15-də sığorta ödənişlərinin artımı, 12-də isə azalması baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR