Parisdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Parisdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
# 26 fevral 2016 17:49 (UTC +04:00)

Bakı-APA. Fevralın 25-də Parisin “Cathédrale Saint-Louis des Invalides” kilsəsində 1992-ci ildə baş vermiş Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş klassik musiqi konserti keçirilib.

APA-nın məlumatına görə, anım gecəsində altı yüzdən çox qonaq iştirak edib.

Rəsmi qonaqlar arasında Fransa Senatının Fransa-Qafqaz Qrupunun prezidenti Senator André Reixardt, bəstəkar Pyer Tilloy, “Oradour-sur-Glane” Şəhidləri Ailələrinin Milli Assosiasiyasının Katibi André Sadri, həmçinin Azərbaycanın UNESCO-dakı daimi nümayəndəsi Anar Kərimov, İranın Fransadaki səfiri Əli Ahani, Bolqarıstanın Fransadakı səfiri Anguel Tçolakov, Togonun Fransadakı səfiri Kalikste Madjoulba, Çilinin Fransadakı səfiri Patrisio Hales Dip, Boliviyanın Fransadakı səfiri Jan-Pol Quevara Avila, Tacikistanın Fransadakı səfiri Homidcon Nəzərov, Litvanın konsulu Rasa Mikiclaité, Mərakeşin Fransadakı səfirliyinin müşaviri Adil Embark olub.

Konsert Azərbaycanın Fransadakı səfirliyi, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Paris ofisi, “Ulduz” və Azərbaycanın Dostları assosiyasiyaları tərəfindən təşkil edilib.

Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Elçin Əmirbəyov deyib: “Bu günə qədər, təəssüf ki, Fransa ictimaiyyəti Xocalı qətliamı haqqında müfəssəl məlumata malik deyil. Xocalı qırğını Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli hadisəsi kimi tarixə düşüb. Bu qırğının miqyası II Dünya Müharibəsi zamanı baş vermiş və bizim fransız dostlarımızın yaddaşında silinməz iz buraxan Oradour-sur-Glane ilə müqayisə oluna bilər. Qaçan əhali arasında panika yaratmaq məqsədi daşıyan bu qırğın, etnik təmizləmə siyasəti ilə nəticələnmiş, Dağlıq Qarabağ və yeddi ətraf rayonun işğalı nəticəsində bir milyona yaxın azərbaycanlı öz tarixi ərazilərini tərk edib. Biz günahsız qurbanların unudulmasına heç zaman imkan verməməliyik ! Xocalı qırğını bütün azərbaycanlıların ruhuna həkk olunub. Xocalı, həmçinin, bütün dünyada eşidilməli olan bir haraydır. Bu, 8 may 2008-ci il tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya Ədalət !” beynəlxalq təbliğat-təşviqat kampaniyası sayəsində mümkün olub. Bu kampaniya sayəsində dünyanın bir neçə ölkəsi Xocalı qətliamının baş verdiyini rəsmən qəbul edib. Bugünkü tədbir regionda ədalətin bərqərar olunmasına nail olmaq məqsədi daşıyır”.

Avropa Azərbaycan Cəmiyyətinin Fransa ofisinin direktoru Marie-Laetitia Gourdin deyib: “Tarix hər zaman mübahisə və interpretasiya subyekti olub. Bu günün faciələri dünənin faciələrini bizlərə unutdurmamalıdır. Ermənistanın hərbi birləşmələrinin işğalı altında olan torpaqların geri qayıtmasını 20 ildən çox səbirsizliklə gösləyən bir milyona yaxın azərbaycanlının problemini unutdurmamalıdır”.

Azərbaycan Dostları Assosiasiyasının Baş Katibi Mirvari Fətəliyeva deyib: “Xocalı faciəsi 1992-ci ildə baş verib. Bu faciə azərbaycanlılarda və ölkəmizin dostlarında dərin iz buraxıb. Bu kədərli tarixi anmaq üçün keçirilən bu toplantı, həmçinin, dünyada baş vermiş bütün qırğınların dəhşətini bizə xatırlatmaq üçündür. Ötən il bizim təşkilatın Avropa Azərbaycan Cəmiyyəti və Azərbaycanın Fransadakı səfirliyi ilə birgə əməkdaşlığı şəraitində Parisdə “Sonsuz Dəhliz” müstəqil sənədli filmini nümayişi baş tutub. 2016-cı ildə biz Fransa Milli Assambleyasında “Xocalı – qırğın haqqında həqiqət” adlı mövzuda panel müzakirə təşkil etmişik. Xocalı faciəsi heç zaman unudulmamalıdır. Biz “Xocalıya Ədalət !” kampaniyasına dəstək vermək üçün fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik.”

Tədbirdə tarzən Ramiz Quliyev, skripkaçı Sabina Rakşeyeva “Lamoureux” orkestrinin müşayiəti ilə fransız bəstəkar Pyer Tiloyun “Xocalı 613” əsərini, Azərbaycan və Avropa musiqiçilərinin əsərlərini ifa ediblər. Orkestrə beynəlxalq müsabiqələr laureatı Eyyub Quliyev dirijorluq edib. Konsertdə Qara Qarayevin, Fikrət Əmirovun və Vasif Adıgözəlovun əsərləri də səslənib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR