Muradxanlı, Cəfərli və Zərdab neft yataqlarının daxil olduğu blokda bərpa və kəşfiyyat işləri aparılacaq

Muradxanlı, Cəfərli və Zərdab neft yataqlarının daxil olduğu blokda bərpa və kəşfiyyat işləri aparılacaq
# 06 iyun 2016 14:19 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. İyunun 6-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib.

APA-Economics”in məlumatına görə, Milli Məclis sədrinin müavini, komitə sədri Valeh Ələsgərov bildirib ki, gündəliyə “Azərbaycan Respublikasında Muradxanlı, Cəfərli və Zərdab neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Dövlət Neft Şirkəti, “Zenit Aran Oil Company Limited” və SOCAR-ın Ortaq Neft Şirkəti arasında sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsi haqqında məsələ daxil edilib.

Sonra V. Ələsgərov saziş barədə geniş məlumat verib. Bildirilib ki, prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq, 2016-cı il martın 16-da SOCAR, “Zenit Aran Oil Kompani Limited” (Zenit) və SOCAR-ın Ortaq Neft Şirkəti (ONŞ) arasında saziş bağlanıb. Sənədə əsasən, SOCAR-a dövlətin mənafelərini təmsil etmək səlahiyyəti verilir. Podratçı tərəflərin iştirak payları ONŞ üçün 20 %, Zenit üçün 80% təsbit edilir. Sazişin məqsədləri baxımından kontrakt sahəsi şərti olaraq kontrakt bərpa və kontrakt kəşfiyyat sahəsinə bölünür.

Qeyd edilib ki, podratçı tərəflər kontrakt sahəsində karbohidrogenlərin kəşfiyyatı, qiymətləndirilməsi və işlənməsi üçün lazım olan maliyyə vəsaitini təmin etmək öhdəliyini öz üzərinə götürürlər. Sazişin qüvvəyə minmə tarixindən sonrakı 150 gün ərzində podratçı blokun bərpası və hasilatı planının layihəsini hazırlayıb SOCAR-ın təsdiqinə təqdim etməlidir. Bərpa və hasilat proqramı alındıqdan sonra 60 gün ərzində SOCAR yazılı şəkildə podratçıdan bu proqrama hər hansı dəyişikliklərin edilməsini tələb etmirsə, proqram təsdiq olunmuş sayılır. Kontrakt bərpa sahəsi üçün işlənmə və hasilat dövrü bərpa və hasilat proqramının təsdiqi tarixindən başlayır və 25 il ərzində davam edir. Neft-qaz əməliyyatlarının aparılması üçün iş yerlərinin Azərbaycan vətəndaşları ilə komplektləşdirilməsi sazişin qüvvəyə minmə tarixindən mühəndis-texniki işçilər üzrə 70%, fəhlə heyəti üzrə 90%, 5 il keçdikdən sonra isə müvafiq olaraq 90 və 95% göstərilir. Podratçı bu sahədə Azərbaycan vətəndaşlarına peşə öyrədilməsini təmin etməlidir.

Sənəddə, həmçinin, torpaqdan və obyektlərdən istifadə, podratçının neft-qaz əməliyyatları məsrəflərinin ödənilməsi və hasilatın bölüşdürülməsi, vergi qoyulması, karbohidrogenlərin dəyərinin müəyyən edilməsi, əmlaka sahiblik və ondan istifadə, mühasibat uçotunun aparılması, ətraf mühitin mühafizəsi və təhlükəsizlik, idxal, ixrac məsələləri ilə bağlı müddəalar öz əksini tapıb.

Müzakirələr zamanı çıxış edənlər bildirib ki, sənəd ölkə iqtisadiyyatının inkişafına xidmət edəcək, eyni zamanda, Azərbaycan vətəndaşlarının maraqlarının təmin edilməsi baxımından böyük əhəmiyyətə malikdir.

İclasın sonunda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR