Leyla Əliyeva Parisdə COP21 Konfransı çərçivəsində bir sıra görüşlər keçirib

Leyla Əliyeva Parisdə COP21 Konfransı çərçivəsində bir sıra görüşlər keçirib
# 05 dekabr 2015 11:06 (UTC +04:00)

Bakı – APA. Dekabrın 4-də BMT-nin İqlim Dəyişikliyi üzrə 21-ci Konfransında (COP21) iştirak edən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Mərkəzi və Şərqi Avropa üzrə Regional Ətraf Mühit Mərkəzinin (REC) icraçı direktoru Marta Jiqeti Bonifert ilə görüşüb.

Heydər Əliyev Fondundan APA-ya verilən məlumata görə, görüşdə IDEA və REC arasında əməkdaşlıq əlaqələri nəzərdən keçirilib və gələcəkdə birgə layihələrin reallaşdırılması üzrə müzakirələr aparılıb.

Leyla Əliyeva IDEA İctimai Birliyinin fəaliyyəti və əldə etdiyi uğurlar barədə məlumat verib. Qeyd olunub ki, IDEA-nın Bakı və Gəncə şəhərlərində yerləşən müasir Resurs mərkəzləri gənclərin ətraf mühit sahəsində biliklərinin dərinləşdirilməsinə xidmət edir.

Marta Jiqeti Bonifert IDEA ilə əməkdaşlıqdan məmnunluğunu bildirib və birgə səylərin bundan sonra da davam etdirilməsində maraqlı olduqlarını ifadə edib. O, həmçinin IDEA-nın fəaliyyətini yüksək qiymətləndirdiklərini xüsusi olaraq vurğulayıb.

L. Əliyeva Parisdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibinin müavini Riçard Kinli ilə görüşüb.

Qeyd olunub ki, cəmi 4 ildir fəaliyyət göstərən IDEA BMT-nin Ətraf Mühit Proqramı (UNEP), BMT-nin Səhralaşma ilə Mübarizə üzrə Konvensiyasının (UNCCD) Tərəflər Konfransı, Ümumdünya Təbiət Fondu (WWF) və Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyi (IUCN) kimi aparıcı təşkilatlara üzv olub və bir çox digər beynəlxalq qurumlarla sıx əməkdaşlıq əlaqələri qurub.

Riçard Kinli IDEA-nın Azərbaycanda biomüxtəlifliyin bərpası və ictimai maarifləndirmə sahələrində geniş təcrübə qazandığını və bu baxımdan hər iki təşkilat arasında əməkdaşlıq üçün əlverişli zəmin olduğunu bildirib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə 21-ci Paris Konfransında iştirak edən L. Əliyeva BMT-nin Səhralaşma ilə Mübarizə üzrə Konvensiyasının (UNCCD) icraçı katibi xanım Monik Barbut ilə görüşüb.

Görüşdə IDEA və UNCCD arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bu sənəd iki təşkilat arasında gələcək fəaliyyətin çərçivəsini müəyyənləşdirməklə yanaşı, əməkdaşlıq sahələri və formatını da əks etdirir.

İmzalanma mərasimindən sonra L. Əliyeva ilə Monik Barbut arasında ikitərəfli görüş keçirilib. Leyla Əliyeva ölkəmizdə şoran torpaqların münbitliyinin artırılması və meşə ərazilərinin genişləndirilməsi sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, yaşıllıqların artırılması ilə bağlı dövlət səviyyəsində görülən işlərə dəstək verilməsi məqsədilə IDEA İctimai Birliyi tərəfindən də mütəmadi olaraq, kütləvi ağacəkmə aksiyaları təşkil olunur. Bu cür tədbirlər bir qayda olaraq, ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır. Fəaliyyət göstərdiyi 4 il ərzində IDEA İctimai Birliyinin təşəbbüsü ilə ölkə ərazisində ümumilikdə 5 milyondan artıq ağac əkilib.

Monik Barbut UNCCD-də akkreditə olması münasibətilə IDEA-nı təbrik edib. O, UNCCD-nin əsas prioritetləri, eləcə də həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. Həmçinin ölkəmizdə səhralaşma və meşə sahələrinin qıtlığı probleminin həllində vətəndaş cəmiyyətinin, xüsusilə də IDEA-nın önəmli rol oynaya biləcəyi vurğulanıb.

Dekabrın 4-də Leyla Əliyeva Parisdə Təbiətin Mühafizəsi naminə Beynəlxalq Birliyin (IUCN) baş direktoru xanım İnger Andersen ilə görüşüb.

IDEA-nın fəaliyyətindən danışan Leyla Əliyeva IDEA və IUCN arasında mövcud əməkdaşlıq barədə ətraflı məlumat verib. Bildirilib ki, əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensial mövcuddur və bundan faydalanmaq zəruridir.

İ. Andersen təmsil etdiyi təşkilatın IDEA ilə əməkdaşlıqdan məmnun olduğunu və gələcəkdə bu tərəfdaşlığın daha da inkişafını arzu etdiklərini diqqətə çatdırıb. 2014-cü ildə IUCN tərəfindən Sidney şəhərində təşkil olunan Ümumdünya Parklar Konqresində IDEA-nın fəal iştirakı xüsusi qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR