Uzunmüddətli kredit reytinqi olmayan xarici şirkətlərin Azərbaycanda təmin edilməmiş istiqraz buraxması qadağan edilib

Uzunmüddətli kredit reytinqi olmayan xarici şirkətlərin Azərbaycanda təmin edilməmiş istiqraz buraxması qadağan edilib
# 13 yanvar 2016 08:31 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “Emitentin istiqraz buraxılışının maksimum həcminə dair tələblər haqqında Qaydalar”ı təsdiq edib.

APA-nın məlumatına görə, bu Qaydalar dövlət orqanları və bələdiyyələr tərəfindən emissiya edilən və ya yalnız institusional investorlara təklif olunan istiqrazlar istisna ilə emitentin istiqraz buraxılışının maksimum həcminə dair tələblər haqqında qaydaları müəyyən edir.

Səhmlərin emissiyası emitent tərəfindən yeni səhmlərin buraxılması prosesidir. Emitent istiqrazların həyata keçirən hüquqi şəxs, səhmdar cəmiyyətdir. Təmin edilməmiş istiqrazlar onlardan irəli gələn öhdəliklər girovla, qarantiya ilə, həmçinin dövlət və ya bələdiyyə zəmanəti ilə təmin edilməyən istiqrazlar, təmin edilmiş istiqrazlar onlar üzrə öhdəliklər girovla, qarantiya ilə, həmçinin dövlət və ya bələdiyyə zəmanəti ilə təmin edilmiş istiqrazlardır.

Qaydaya əsasən “BBB –” (“Standard&Poor's” və “Fitch” reytinq agentliklərinin klassifikasiyasına görə), “Baa3” (“Moody's” reytinq agentliyinin klassifikasiyasına görə) və ya digər reytinq agentliklərinin bu reytinq dərəcələrinə ekvivalent olan və ya uzunmüddətli kredit reytinqi dərəcəsinə malik olmayan xarici emitentlər üçün Azərbaycan Respublikasının ərazisində təmin edilməmiş istiqrazların emissiyasına yol verilməyəcək. Azərbaycan Respublikasında qeydiyyata alınmış uzunmüddətli kredit reytinqi dərəcəsinə malik olmayan və ya uzunmüddətli kredit reytinqi dərəcəsi“BBB –” (“Standard&Poor's” və “Fitch” reytinq agentliklərinin klassifikasiyasına görə), “Baa3” (“Moody's” reytinq agentliyinin klassifikasiyasına görə) və ya digər reytinq agentliklərinin bu reytinq dərəcələrinə ekvivalent olan reytinq dərəcəsindən aşağı olan emitentlər üçün təmin edilməmiş istiqrazlar buraxılışının maksimum həcm normativinin əmsalı isə 2 müəyyən edilib.

Dövlət qeydiyyatına alınmamış istiqraz buraxılışlarının reklamı, hər hansı bir investora rəsmi təklif edilməsi, emissiya prospektinin potensial investorlara təqdim edilməsi və yerləşdirilməsi qadağandır. Bu Qaydaların tələblərinə cavab verməyən emitentlərin istiqraz buraxılışlarının dövlət qeydiyyatına alınmasına və ya onların istiqrazlarının və ya istiqrazlara hüquqları təsdiq edən qiymətli kağızların yerləşdirilməsinə və ya tədavülə buraxılmasına yol verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR