Cəbhəyanı rayonların rabitəçiləri gücləndirilmiş iş rejiminə keçir

Cəbhəyanı rayonların rabitəçiləri gücləndirilmiş iş rejiminə keçir
# 07 aprel 2016 12:50 (UTC +04:00)

Mingəçevir. Elvin Yaqubov - APA. Aprelin 7-də rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Tərtər və Goranboy rayonlarında telekommunikasiya qovşağı və poçt şöbələrinin əməkdaşları ilə görüşüb və onların fəaliyyəti ilə tanış olub.

APA-nın yerli bürosunun xəbərinə görə, mövcud vəziyyətlə tanış olan nazir rabitəçilərə gücləndirilmiş iş rejimində işləmələri üçün tapşırıq və tövsiyələrini verib. Nazir qeyd edib ki, cəbhə bölgəsində olan ATS və poçt şöbələrinin təchizatının yüksək səviyyədə təmin olunması üçün hər cür köməklik göstəriləcək.

Daha sonra R. Quluzadə Mingəçevirdəki Heydər Əliyev Mərkəzində Ağdaş, Göyçay, Ucar, Kürdəmir rayonlarından olan vətəndaşları qəbul edib. Qəbulda əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb və digər müraciətlərin həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Sonra nazir Mingəçevir Yüksək Texnologiyalar Parkının yaradılması ilə bağlı görüş keçirib. Görüşdə bildirilib ki, Mingəçevir Yüksək Texnologiyalar Parkının potensial rezidentlərinin gələcəkdə istehsal edəcəkləri məhsulların rəqabətqabiliyyətli və ixracyönümlü olması məqsədilə bütün lazımi işlər görülür.

Daha sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qərarı ilə regionlarda ilk dəfə olaraq Mingəçevir Dövlət Universitetində yaradılmış Biznes İnkubator Mərkəzinin açılışı olub. Biznes inkubatorda formalaşacaq startaplar Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun təşkilati və maddi dəstəyindən yararlanacaqlar. Regionda intellektual biznesin inkişafına təkan vermək məqsədilə yaradılan mərkəz gənclərin innovativ ideyalarının kommersiyalaşdırılıması, gənclərdə innovativ sahibkarlıq bacarıqlarının formalaşması, yeni-yeni biznes ideyalarının ortaya çıxmasına şərait yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR