MSK-da siyasi partiyaların maliyyə hesabatlarının elektron qaydada qəbulu sistemi yaradılır

MSK-da siyasi partiyaların maliyyə hesabatlarının elektron qaydada qəbulu sistemi yaradılır
# 16 mart 2016 08:50 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Mərkəzi Seçki Komissiyasında siyasi partiyaların maliyyə hesabatlarına həsr olunmuş seminar keçirilib.


APA-nın məlumatına görə, MSK sədrinin müavini Natiq Məmmədov partiyaların illik maliyyə hesabatlarını hər il aprelin 1-nə qədər təmin etməli olduğunu vurğulayıb.

MSK üzvü Ramiz İbrahimov deyib ki, siyasi partiyalar maliyyə hesabatlarını müstəqil auditorun rəyi ilə birlikdə MSK-ya təqdim etməlidirlər: “Təəssüf ki, çox vaxt siyasi partiyalar auditor rəyi olmadan hesabatlarını təqdim edirlər, MSK da sonradan auditor rəyi tələb etməli olur. Bəzən partiyaların təqdim etdiyi hesabatlarda partiyaların hesabına daxil olan və xərclənən vəsait arasında uyğunsuzluqlar aşkarlanır”.

R. İbrahimov MSK-nın siyasi partiyaların maliyyə hesabatlarını elektron qaydada qəbul etməsi yönündə iş apardığını da nəzərə çatdırıb: “Gələcəkdə siyasi partiyaların illik maliyyə hesabatlarını elektron qaydada təqdim etməsi mümkün olacaq”.

Auditorlar Palatasının Maliyyə idarəsinin rəisi Vəli Rəhimov siyasi partiyaların illik maliyyə hesabatlarının tərtib edilməsində müstəqil auditorun rolu, hüquq və vəzifələri, auditor rəyinə və hesabatına dair tələblər barədə danışıb. Maliyyə Nazirliyinin Maliyyə və sığorta bazarının tənzimlənməsi şöbəsinin baş məsləhətçisi Sevinc Məmmədova hesabatın əsasını təşkil edən maliyyə sənədləri və onlarla işin xüsusatları, Ədliyyə Nazirliyinin Qeyri-hökumət təşkilatları iş şöbəsinin müdiri Səbinə Salmanova maliyyə hesabatları ilə əlaqədar qanunvericiliyin tələblərinin pozulmasına dair məsuliyyətdən bəhs edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR