Şamaxıda soyqırımılar mövzusunda III Beynəlxalq elmi konfrans keçirilib

Şamaxıda soyqırımılar mövzusunda III Beynəlxalq elmi konfrans keçirilib
# 08 aprel 2016 11:14 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Şamaxı şəhərində “Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)” adlı III beynəlxalq elmi konfrans keçirilib.

Tarix İnstitutunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfrans AMEA Rəyasət Heyəti, Tarix İnstitutu, Türkiyə Atatürk Araşdırma Mərkəzi (ATAM) və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.

Dövlət himni səsləndirildikdən sonra soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla anılıb. Daha sonra prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycan prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətini səsləndirib.

Konfransda çıxış edən akademik İsa Həbibbəyli deyib ki, Azərbaycan xalqı dünyada ən dəhşətli soyqırıma məruz qalmış xalqlardandır. Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov bildirib ki, 1914-1918-ci illərdə böyük dövlətlərin fəal köməyi ilə terrorçu-ekstremist erməni təşkilatlarının Azərbaycanın və Şərqi Anadolunun türk-müsəlman əhalisinə qarşı həyata keçirdiyi soyqırımları dünya tarixinin ən dəhşətli soyqırımlarıdır: “Məkrli ermənilər “böyük Ermənistan” yaratmaq xülyası ilə zaman-zaman işğalçılıq, qəsbkarlıq siyasəti aparıblar. Əsrlər boyu, xüsusilə 1918-ci ildə ermənilər Bakıda, Qubada, Şamaxıda, Lənkəranda, Zəngəzurda, Qarabağda, Naxçıvanda, İrəvan ellərində və digər şəhər və rayonlarımızda xalqımıza qarşı soyqırım həyata keçirib, minlərlə insanı - qocanı, qadını, uşağı, gənci qanlarına qəltan ediblər. Azərbaycanda baş verən soyqırımlarının tədqiq olunmasının təşəbbüskarı birbaşa Azərbaycan prezidenti cənab İlham Əliyevdir”.

Daha sonra plenar iclasda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, Atatürk Araşdırma Mərkəzinin təmsilçisi Selma Yel, Rusiya Federasiyasının Tarix, İqtisadiyyat və Hüquq Elmi-Tədqiqat İnstitutunun prezidenti İqor Turitsın, AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev və başqaları çıxış ediblər.

Konfransda Azərbaycan prezidentinə müraciət qəbul olunub.

Plenar iclasdan sonra konfrans öz işini “Birinci Dünya müharibəsi illərində Qafqaz regionunda soyqırımlar”, “Şimali Azərbaycanda türk-müsəlman əhaliyə qarşı soyqırımlar (1918-1920-ci illər)” və “Şərqi Anadolu, Urmiya və Salmas bölgələrində türk-müsəlman əhaliyə qarşı soyqırımlar (1914-1920-ci illər)” adlı üç bölmədə davam etdirib, mövzular üzrə müzakirələr aparılıb.

Beynəlxalq elmi konfransda Azərbaycan tarixçiləri ilə yanaşı, Albaniya, Almaniya, Türkiyə, Rusiya (o cümlədən Moskva şəhəri, Tatarıstan Respublikası və Şimali Qafqazın bir sıra respublikaları), Özbəkistan, Gürcüstan və Polşadan olan alimlər elmi məruzələrlə çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR