"E.ON": SOCAR-la əməkdaşlığın genişləndirilməsində maraqlıyıq

"E.ON": SOCAR-la əməkdaşlığın genişləndirilməsində maraqlıyıq
# 23 sentyabr 2015 14:22 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün SOCAR prezidenti Rövnəq Abdullayev Almaniyanın “E.ON” şirkətinin baş icraçı direktoru Kristofer Delbrukun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, R. Abdullayev “E.ON” şirkəti ilə SOCAR arasında səmərəli əməkdaşlıq münasibətlərinin qurulduğunu söyləyib, bu əməkdaşlığın daha da genişləndirilməsi üçün yüksək səviyyəli belə səfərlərin əhəmiyyətini vurğulayıb.

K. Delbruk son illər iki şirkət arasında sıx əməkdaşlıq əlaqələrinin yarandığını, bu əlaqələrin daha da dərinləşməsində maraqlı olduqlarını söyləyib.

R. Abdullayev 2013-cü il sentyabrında SOCAR və “E.ON” şirkətlərinin uzunmüddətli əməkdaşlığı üçün geniş imkanlar yaradan qaz satışı müqaviləsinin imzalanmasının əhəmiyyətindən söz açıb, bu müqavilənin iki şirkət arasında təkcə istehsalat əlaqələri deyil, texnologiya və innovasiya, menecment təlimi, gənc mütəxəssislərin inkişafı, tədqiqat və korporativ sosial məsuliyyət sahələrində də münasibətlərin genişlənməsinə zəmin yaratdığını söyləyib.

K. Delbruk öz növbəsində həmin müqavilə çərçivəsində 2014 və 2015-ci illərdə SOCAR əməkdaşlarının 12-13 yaşlı uşaqları üçün Almaniyada, bu il iyulun 27-dən avqustun 9-dək “E.ON” şirkəti əməkdaşlarının uşaqları üçün Azərbaycanda yay düşərgələrinin təşkil edildiyini bildirib. O, həmçinin, magistral boru kəmərlərində fasilə yaratmadan yüksək təzyiq altında quraşdırma və təmir işlərinin aparılması üçün tətbiq olunan müasir texnologiyaların öyrənilməsi istiqamətində də iki şirkət arasında mütəmadi fikir mübadilələrinin aparıldığını vurğulayıb, mütəxəssislərin öz təcrübələrini bölüşdüklərini təqdir edib.

Daha sonra qonaqların xahişi ilə SOCAR prezident Avropanın enerji təminatı istiqamətində görülən işlərdən danışıb və bildirib ki, “Şahdəniz-2”, Cənubi Qafqaz Qaz Boru Kəmərinin genişləndirilməsi, həmçinin TANAP layihələri üzrə tikinti işlərinə artıq başlanılıb. TAP layihəsi çərçivəsində də hazırlıq işlərinin qrafikə uyğun olaraq intensiv şəkildə davam etdirildiyini söyləyən R. Abdullayev Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində ilk qazın 2018-ci ilin ortalarında Türkiyəyə nəql olunacağına əminliyini ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR