"Azərbaycan Dəmir Yolları" və "Stadler Rail Group" əlaqələri genişləndirir

"Azərbaycan Dəmir Yolları" və "Stadler Rail Group" əlaqələri genişləndirir
# 16 noyabr 2017 08:40 (UTC +04:00)

"Azərbaycan Dəmir Yolları" QSC-də (ADY) İsveçrənin "Stadler Rail Group" şirkətinin prezidenti Peter Şpuler ilə görüş keçirilib.


ADY-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova "APA-Economics"ə bildirib ki, görüşdə QSC-nin sədri Cavid Qurbanov çıxış edərək ölkəmizdə dəmir yolunda həyata keçirilən layihələr, beynəlxalq və regional nəqliyyat dəhlizi layihələrinin reallaşması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib.

Sonra ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Tədbirdə Bakı-Tbilisi-Qars marşrutu üzrə gələcəkdə hərəkət edəcək sərnişin qatarları üçün "Stadler" şirkətinə sifariş olunmuş 30 ədəd yataq tipli vaqonun hazırlanmasının icra vəziyyəti müzakirə olunub. Onu da qeyd edək ki, həmin vaqonlar "standart", "komfort", "biznes" və "restoran" olmaqla dörd kateqoriyada istehsal olunur.

P.Şpuler ADY-də bütün sahələrdə həyata keçirilən geniş miqyaslı islahatlardan və əlaqələrin genişlənməsindən məmnun qaldıqlarını bildirib.

Görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.

Qeyd edək ki, ADY "Stadler Rail Group" ilə 2015-ci ildən əməkdaşlıq edir. "Stadler Rail Group"un "Minsk Stadler" zavodunda istehsal olunan KİSS markalı beş ədəd ikimərtəbəli elektrik qatarı alınıb və Bakı-Sumqayıt-Bakı marşrutunda işləyir.

Hər biri 4 vaqondan ibarət olan elektrik qatarlarında sərnişinlərin yüksək keyfiyyətli ictimai nəqliyyata artan tələbatını ödəmək üçün hər cür şərait var. Qatarın ümumi sərnişin tutumu 919 nəfər, oturaq yerlərin sayı 396, bunun da 84-ü biznes-sinfinə aiddir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR