Deputatlar “Hərbi vəziyyət haqqında” qanun layihəsinin müzakirəsi zamanı bir sıra təkliflə çıxış ediblər

Deputatlar “Hərbi vəziyyət haqqında” qanun layihəsinin müzakirəsi zamanı bir sıra təkliflə çıxış ediblər
# 14 fevral 2017 15:07 (UTC +04:00)

Azərbaycan Milli Məclisin bu gün keçirilən iclasında yenidən hazırlanan “Hərbi vəziyyət haqqında” qanun layihəsinin müzakirəsi zamanı bir sıra təklif və iradlar səsləndirilib.

APA-nın məlumatına görə, çıxış edən deputat Qüdrət Həsənquliyev Azərbaycana qarşı real hücum faktı baş verən halda atılacaq hüquqi prosedurlar üçün uzun vaxt qoyulmasını düzgün saymayıb.

“Azərbaycanın ən ucqar nöqtəsindən Bakıya 5-6 saata gəlmək mümkündür. Ali Baş Komandanın səlahiyyəti olmalıdır. Yəni fərmanı imzaladığı andan o, qüvvəyə minir, ancaq Milli Məclis təsdiq etmədiyi halda, qüvvədən düşür. Layihədə yazılır ki, prezidentin fövqəladə vəziyyət haqqında fərmanı 24 saatdan sonra qüvvəyə minir. Ancaq Milli Məclis təsdiqləməsə, qüvvədən düşmüş sayılır. 24 saata qədər bəlkə elə silahlı qiyam qaldırmış qüvvələr Milli Məclisi də tutacaq, Prezident Aparatını da? Türkiyə nümunəsi göstərdi ki, çevriliş cəhdində heç parlamenti toplamaq mümkün olmadı”.

Z. Əsgərov deyib ki, burda hər hansı problem yoxdur: “Təsdiq olundu-olunmadı, məgər prezidentin imkanı yoxdur? Lələtəpədə biz hərbi vəziyyətmi elan etmişdik? Ali Baş Komandanın qərar vermək üçün bütün imkanları var”.

Deputat Azay Quliyev deyib ki, qanun layihəsinin birinci maddəsində göstərilən hərbi vəziyyətin Konstitusiyaya uğun olaraq Azərbaycan ərazisində, ayrı-ayrı yerlərində tətbiq edilməsi fikrində "hərbi "sözündən sonra "informasiya-yayım normaları" ifadəsini də əlavə etmək lazımdır. Deputat bildirib ki, qanun layihəsində QHT-lərin, ictimai birliklərin, siyasi partiyaların fəaliyyətinin məhdudlaşdırılmasını nəzərdə tutan müddəaların olması əsaslıdır.

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov isə bildirib ki, istənilən hərbi nizamnamə, doktrinanın xüsusi dili və hüquqi terminologiyası var: “Bu, "Leyli-Məcnun" dastanı deyil ki, götürüb yaza və ya Füzulinin qəzəli deyil ki, götürüb oxuyasan. Qanuna əsasən, hərbi vəziyyət elan olunan ərazidə siyasi partiyanın və digərlərinin fəaliyyətinin dayandırılması düzgün deyil. Tutaq ki, hərbi vəziyyət elan olunub. Bakıda da həmin partiyanın rəhbərliyi başqa məsələ ilə əlaqədar mitinq keçirir. İndi dövlət hərbi vəziyyəti icra etməlidir, yoxsa gəlib siyasi partiya ilə məşğul olmalıdır? Bundan başqa, qanunda mətbuatla bağlı məsələ ilə də razılaşmıram. Hansısa rayon qəzetinin fəaliyyətini dayandırmaqla iş bitmir. Çünki orada gedən məlumatlar respublika əhəmiyyətlidir və həmin məlumatlar əsas mətbuat orqanlarında, eləcə də saytlarda gedir. Bu baxımdan məsələ ciddi qoyulmalıdır. Hərbi vəziyyət elan edilən kimi bu məsələlər avtomatik olaraq dondurulmalıdır. Çünki bütün istiqamət ora yönəldilməlidir. Ərazimizin 20 faizi işğal altında olduğu üçün buna daha diqqətlə yanaşmalıyıq ”.

S. Novruzov bildirib ki, ağır texnika sərhəddən xeyli aralıda yerləşdirilməlidir: "Yəni sərhəd bölgəsində sərhəd qoşunları və onun texnikasından başqa əlavə texnika yerləşdirilə bilməz. Azərbaycan prezidenti hərbi vəziyyət zamanı öz tapşırıqlarını verir. Lakin buna qədər məsələlər də var ki, onlar həll olunmalıdır. Bir neçə il bundan öncə qonşu dövlət öz texnikasını bizim ərazimizin 70 kilometrliyinə yığmışdı. Dövlət Sərhəd Xidmətinin rəhbərliyi bu texnikanın hansı əsasla yerləşdirilməsinə dair məsələ qaldırdı. Məlum oldu ki, texnika anti-terror əməliyyatına görə yerləşdirilib. Lakin onlara sübut olundu ki, heç bir anti-terror əməliyyatına belə texnika ilə gedilmir. İkinci dünya müharibəsi zamanı da Sovet ordusu öz təchizatını sərhədə yığdığına görə, müharibənin ilk ayında 30 faiz texnikasını itirmişdi ”.

Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov bildirib ki, qanun layihəsinin 10-cu maddəsində hərbi vəziyyət elan edildiyi zaman yalnız mane olan partiyaların fəaliyyətinin dayandırılması əksini tapıb: “Qalan hallarda partiya öz fəaliyyətini dayandırmayacaq. Heç bir əsas olmadan onların fəaliyyəti dayandırıla bilməz”.

Deputat Əflatun Amaşov deyib ki, hərbi münaqişələr dövründə KİV-in fəaliyyətində müəyyən məhdudlaşmaların olması labüddür: "Bu, heç də söz və ifadə azadlığının pozulması deyil. Dünyanın bir çox demokratik ölkələrində daha ciddi məhdudlaşdırmalar tətbiq olunur. Ancaq senzura ifadəsi işlədilmir".

O təklif edib ki, layihədəki “hərbi senzura” anlayışı “hərbi məqsədli məhdudlaşdırmalar” və ya “hərbi məqsədli qadağalar” ifadəsi ilə əvəz olunsun. Deputat, həmçinin, KİV-in fəaliyyətinin tənzimlənməsi ilə bağlı ayrıca maddə əlavə edilməsini də təklif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR