Azərbaycan və Özbəkistan arasında dəmir yolu sahəsində əməkdaşlığa dair protokol imzalanıb

Azərbaycan və Özbəkistan arasında dəmir yolu sahəsində əməkdaşlığa dair protokol imzalanıb
# 27 mart 2017 15:02 (UTC +04:00)

Bu gün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində (QSC) Özbəkistan Ali Məclis Senatı sədrinin birinci müavini Sodik Safoyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın APA-ya verdiyi məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov dəmir yolunda həyata keçirilən islahatlar, ölkənin tranzit potensialının artırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib.

C. Qurbanov bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının Gürcüstan hissəsində işlər tamamlanmaq üzrədir, artıq bəzi sınaqların keçirilməsinə başlanıb. Bağlantının Gürcüstan hissəsindən Türkiyə sərhədinə kimi dizel ilə işləyən lokomotivlərin bir neçə dəfə sınağı keçirilib. Bütün yol boyunca lokomotivlər maneəsiz hərəkət edirlər. Bu il bağlantının istismara verilməsi nəzərdə tutulur.

Sonra “Azərbaycan Dəmir Yolları” QSC ilə “Özbəkistan Dəmir Yolları” SC arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub. Özbəkistan Respublikası Ali Məclisin Senatı sədrinin birinci müavini S. Safoyev ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Görüşün sonunda qarşılıqlı əməkdaşlığın genişləndirilməsi ilə bağlı protokol imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR