Prokuror qətldə təqsirləndirilən şəxsə 20 il həbs cəzası istəyib

Prokuror qətldə təqsirləndirilən şəxsə 20 il həbs cəzası istəyib
# 02 noyabr 2016 09:26 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə və oğurluqda təqsirləndirilən Babək Atamalıyev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək, təqsirləndirilən şəxslərin cinayətinin tam sübuta yetirildiyini deyib.

O, B. Atamalıyevin 20 il, Hüseynağa Ağayevin 4 il, Musa Camalovun isə 4 il həbs cəzasına məhkum edilməsini istəyib.

Proses noyabrın 8-də davam edəcək.

Qeyd edək ki, martın 22-də saat 01 radələrində Məmmədov Namiq Əlibaba oğlunun Sumqayıt şəhəri, 13-cü mikrorayondakı 6 saylı binanın qarşısında üzərində zorakılıqla qətlə yetirilməyə xarakterik xəsarətlərlə meyiti aşkar edilib. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qətlin Sumqayıt şəhər sakini Atamalıyev Babək Teymur oğlu tərəfindən törədilməsinə şübhələr olduğundan o, tutularaq istintaqa cəlb olunub.

Müəyyən edilib ki, B. Atamalıyev digər iki nəfərlə əlbir olaraq həm də bir neçə mağazadan oğurluq edib.

H.Ağayev və M.Camalov yetkinlik yaşına çatmadığından onların barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR