Ötən il Etilen-polietilen zavodunun modernizasiyasına 30 mln. avro xərclənib

Ötən il Etilen-polietilen zavodunun modernizasiyasına 30 mln. avro xərclənib
# 13 aprel 2017 09:19 (UTC +04:00)

SOCAR-ın "Azərkimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodunun modernizasiyası 3 mərhələdən ibarət olacaq. "APA-Economics" xəbər verir ki, bunu birliyin Müşahidə Şurasının sədri Muxtar Babayev bildirib.

Onun sözlərinə görə, zavodun modernizasiyasının birinci mərhələsi bu ilin oktyabr ayında, ikinci mərhələ gələn ilin iyun-avqust aylarında, üçüncü mərhələ isə 2019-cu ilin yay aylarında yekunlaşacaq. "Vəziyyətdən asılı olaraq, qrafiki qabaqlamaq da mümkündür. Köhnəni təmir etmək çətindir. Zavodun artıq 30 yaşı var. Bu səbəbdən də zavodun modernizasiyası ilə bağlı görülən işlərdə bəzi korrektələr aparıldı. Ümumilikdə isə işlər tam olaraq qrafik üzrə gedir", - deyə dövlət şirkətinin rəhbəri bildirib.


Zavodun modernizasiyasının maliyyələşməsindən danışan M. Babayev deyib ki, yalnız ötən il ərzində layihəyə təxminən 30 mln. avro vəsait xərclənib: "Yaxın 1 ay ərzində 80 mln. avro ödənilməlidir. Bu vəsait da kredit hesabına ödəniləcək".

M. Babayev bildirib ki, aparılan işlər nəticəsində bu ilin oktyabr ayında polietilen istehsal edən zavodun istehsal gücü hazırkı 60 min tondan 150 min tonadək artacaq. "İkinci mərhələ başa çatdıqdan sonra istehsal gücü 185-190 min tona çatdırılmalıdır", - deyə o əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR