Mirsalam Qənbərov: “Ekoloji rəy tələb olunan tikinti layihələrinə ictimai dinləmələrdən sonra qərar veriləcək"

Mirsalam Qənbərov: “Ekoloji rəy tələb olunan tikinti layihələrinə ictimai dinləmələrdən sonra qərar veriləcək"
# 20 dekabr 2019 16:26 (UTC +04:00)

"Ekoloji rəy tələb olunan bütün tikinti layihələrinə ictimai dinləmələrdən sonra qərar veriləcək".

APA xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qənbərov deyib. Onun sözlərinə görə, bu gün qarşıya qoyulan əsas məqsəd ölkədə ekoloji ekspertizanın obyekti olan bütün tikinti, istehsalat və digər layihələr açıq şəkildə, ictimaiyyətin və maraqlı tərəflərin iştirakı ilə qiymətləndirilməsidir: "Ona görə də artıq neçə müddətdir ekoloji rəy üçün təqdim olunan bütün layihələrin ekoloji cəhətdən obyektiv qiymətləndirilməsi, şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə ayda 1 dəfə Nazirliyin Dövlət Ekspertiza İdarəsində ictimai dinləmə təşkil olunur. Dinləmələrdə layihə təqdim edən tərəflər, ərazi üzrə icra, bələdiyyə qurumları, QHT nümayəndələri, ekspertlər, həmin ərazinin sakinləri və media təmsilçiləri iştirak edir. Bundan sonra ekoloji rəy tələb olunan bütün tikinti layihələrinə ictimai dinləmələrdən sonra rəy veriləcək".

M.Qənbərov bildirib ki, ictimai dinləmələrin vaxtı, yeri barədə ictimaiyyət əvvəlcədən məlumatlandırılır, Nazirliyin rəsmi saytında təxminən 15 gün öncədən elan verilir: "Bizim vəzifə borcumuz, əhəmiyyətindən asılı olmayaraq rəyə göndərilən bütün layihələrin ekoloji tələblərə cavab verməsini, götürülməsinə zərurət yaranan yaşıllıqların yerində daha çox ağac əkilməsini təmin etməkdir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR