Zərdabinin Nəbatat Bağındakı büstü ziyarət olunub

Zərdabinin Nəbatat Bağındakı büstü ziyarət olunub
# 22 iyul 2017 10:10 (UTC +04:00)

Milli mətbuat günü ilə bağlı Həsən bəy Zərdabinin Mərkəzi Nəbatat Bağında yerləşən büstü ziyarət edilib.

Bu barədə APA-ya Mətbuat Şurasından bildirilib. Məlumata görə, Mətbuat Şurası və Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun təmsilçiləri milli mətbuatın yaranmasının 142-ci öl dönümü münasibəti ilə büstü ziyarət ediblər. Bununla bağlı keçirilmiş mərasimdə çıxış edən Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov “Əkinçi” qəzetinin Azərbaycanın ictimai fikir tarixində oynadığı rola diqqət çəkib.

O bildirib ki, “Əkinçi”nin ümumilikdə 56 sayı işıq üzü görüb. Lakin nəşrin missiyası sonradan milli qəzetlərin yaranmasına böyük təkan verib. “Əkinçi”nin maarifçilik ideyaları öz davamını “Kəşkül”, “Ziya”, “Kaspi”, “Şərqi-rus”, “Molla Nəsrəddin” kimi dövrün tanınmış nəşrlərində tapıb. Ə.Amaşov çıxışında həmçinin müasir dövrdə Azərbaycan mediasının inkişaf xüsusiyyətlərindən söz açıb. Şura sədri vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi media siyasəti eyni zamanda Həsən bəy Zərdabinin xalqın tərəqqisinə yönəlmiş maarifçilik xəttinə böyük ehtiramın nümunəsidir.

Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun rəhbəri Əziz Əliyev çıxışında bildirib ki, Azərbaycan mətbuatının banisi olan Həsən bəy Zərdabi tarixdə dərin iz buraxmış görkəmli şəxsiyyətdir.

Ə.Əliyev Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosu Mətbuat Şurası ilə birgə Həsən bəy Zərdabinin xatirəsini görkəmli mütəfəkkirin büstünün olduğu Mərkəzi Nəbatat bağında anılmasının artıq ənənəyə çevrildiyini bildirib.

Qeyd edək ki, Həsən bəy Zərdabinin Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağında yerləşən büstünü ziyarət ənənəsinin əsası ötən ilin iyulun 21-də Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosu ilə Mətbuat Şurası tərəfindən qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR