"AzNar" "Neftçi"yə qalib gələrək "Nar Kuboku"na sahib olub

"AzNar" "Neftçi"yə qalib gələrək "Nar Kuboku"na sahib olub
# 04 noyabr 2017 15:57 (UTC +04:00)

Mədəniyyət və Turizm Nazirliyinin, Göyçay rayon İcra Hakimiyyətinin təşkilatçılığı, "AzNar" QSC-nin maliyyə dəstəyi ilə keçirilən XII Nar Festivalı başa çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, festivalın ikinci günü Göyçay şəhər stadionunda "AzNar" və "Neftçi" futbol komandaları arasında "Nar Kuboku" uğrunda oyun keçirilib.

Oyundan öncə "AzNar" QSC tərəfindən əsaslı şəkildə yenidən qurulan Göyçay şəhər stadionunun açılış mərasimi olub. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə, "AzNar" QSC-nin sahibi, Rusiyada yaşayan azərbaycanlı iş adamı Fərhad Əhmədov, Milli Məclisin deputatı Sabir Hacıyev iştirak edib.

Məlumat verilib ki, 1976-cı ildə istifadəyə verilmiş Göyçay şəhər stadionu 40 ildən sonra yenidən əsaslı təmir edilərək futbolçuların istifadəsinə verilib. Ümumi ərazisi 6 hektar olan stadionda 2500 ədəd yeni oturacaq quraşdırılıb, 10 000 kvadratmetr sahəyə asfalt örtüyü vurulub, 220 paqonmetr əraziyə bardürlar düzülüb, 450 kvadratmetr yeni hasar çəkilib, 560 kvadratmert suvaq və 1900 kvadratmetr rəngləmə işləri görülüb, 150 kvadratmetr sahəyə aqlay və üzlük daşları vurulub, 380 kvadratmetr sahəyə yaşıl ot örtüyü salınıb. Stadionun giriş qapıları yeni müasir qapılarla əvəz olunub və yeni monitor quraşdırılıb.

Həmçinin, stadionun ərazisində ilk dəfə olaraq voleybol, basketbol, mini futbol meydançaları inşa edilib. Stadion əsaslı təmirindən sonra "AzNar" futbol komandasının ixtiyarına verilib. Bir il öncə fəaliyyətə başlayan "AzNar" komandası Azərbaycan Futbol Federasiyaları Asossiasiyasının (AFFA) dəstəyi ilə keçirilən Həvəskarlar Liqasındakı ev oyunlarını bu stadionda keçirib. Sonra qonaqlar "AzNar" İdman Klubunun zalında məşq edən yeniyetmə güləşçilər, boksçular və qaydasız döyüşçülərin nümunəvi çıxışlarına baxıb.

Stadionunn açılış mərasimindən sonra "AzNar" və "Neftçi" komandaları arasında keçirilən "Nar Kuboku" uğrunda oyuna start verilib. AFFA-nın Hakimlər Komitəsinin təyin etdiyi baş hakim Fərid Məmmədovun rəhbərlik etdiyi hakimlər briqadası tərəfindən idarə edilən oyun 4:2 hesabı ilə "AzNar"ın xeyirinə başa çatıb.

Oyunu 5 minə yaxın azarkeş izləyib.

Fərhad Əhmədov sonda "AzNar"ın oyunçuları ilə görüşərək onları qələbə münasibətilə təbrik edib, komandaya "Nar Kuboku" və 10 min manat pul mükafatı təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR