Almaniya vətəndaşına qarşı külli miqdarda dələduzluqda təqsirləndirilən şirkət direktoru özünü təqsirli bilməyib

Almaniya vətəndaşına qarşı külli miqdarda dələduzluqda təqsirləndirilən şirkət direktoru özünü təqsirli bilməyib
# 22 may 2018 10:21 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Ələddin Yusifovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

APA-nın xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən Ə. Yusifov özünü təqsirli bilmədiyini deyib. O, ifadəsində Almaniya vətəndaşından alınan pulların bir hissəsinin iş üçün Qazaxıstana göndərildiyini deyib.

Proses mayın 29-da davam etdiriləcək.

İttihama görə, Ələddin Yusifov 2005-ci ildə “QKSSS” Məhdud Məsuliyyətli Cəmiyyəti “MMC) təsis edib. O, həmin MMC vasitəsi ilə neft məhsullarının idxalı, ixracı və digər işlərlə məşğul olub.

Ələddin Yusifov həmin MMC-nin direktoru vəzifəsində işləyərkən Almaniyada qeydiyyatdan keçmiş “Airwerk” şirkətinin baş direktoru, həmin respublikanın vətəndaşı Stichternath Heins-Georg Tomasa 2010-cu ildə özünü uğurlu və geniş əlaqələrə malik iş adamı kimi təqdim edib.

O, almaniyalı iş adamına neft məhsullarının alqı-satqısı ilə məşğul olduğunu, bu yolla külli miqdarda gəlir əldə etdiyini bildirib.

Ələddin Yusifov qeyd olunan işləri görmək üçün almaniyalı iş adamından 6 milyon 540 min manat istəyib, həmin pulun 20 faiz miqdarında gəlir əldə edəcəklərinə vəd verib.

Stichternath Heins-Georg Tomas Almaniyada fəaliyyət göstərən müxtəlif banklar vasitəsilə “Texnikabank”da “QKSSS” MMC-nin hesabına 6 milyon 540 min manat köçürüb.

Ələddin Yusifov həmin pulu mənimsəyərək almaniyalı iş adamına qarşı dələduzluq edib.

İstintaq orqanı Ələddin Yusifova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işinin ibtidai istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR