Bank Of Baku

Türkiyənin daxili işlər naziri: “Ən yaxın zamanda yanğını söndürüb, problemləri həll etməyə çalışacağıq”

Süleyman Soylu, Türkiyənin daxili işlər naziri

© APA | Süleyman Soylu, Türkiyənin daxili işlər naziri

# 06 avqust 2021 14:08 (UTC +04:00)

“Yanğınla mübarizə üçün xüsusi komanda formalaşdırmışıq. Bu komanda yanğınların yaranma səbəblərini, eyni zamanda bir təxribat, terror hadisəsi var, ya yox və ya diqqətsizlik səbəbindən olduğunu araşdırır. Qarşıdakı müddətdə bunu ictimaiyyətə açıqlayacağıq”.

APA-nın Türkiyəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, bu, fərqli bir fəlakətdir: ”Belə bir fəlakətlə üz-üzəyik. Zəlzələ olur, bitir, sonra hadisələri idarə edirik. Sel olur, zərər verir, bitir, sonra birlikdə hadisə ilə bağlı işlərimizi görürük. Amma bu fəlakətdə həm yanğınla mübarizə aparırıq, həm də fəlakətin vurduğu ziyanı aradan qaldırmağa çalışırıq. Həm müdaxilə edirik, həm vətəndaşların, həm yanğınla mübarizə aparanların psixologiyasını ayaqda tutmağa çalışırıq, həm tədbir görürük, strateji addım atmalıyıq, həm də bütün bu mübarizəni koordinasiyalı şəkildə etməyə çalışırıq".

Nazir deyib ki, bir çox yerdə yanğının söndürüldüyünü düşündükdən yarım saat sonra təkrar daha böyük yanğınla qarşılaşırlar: “Nəmişliyin, küləyin, istinin, mövsümün çox fərqli olduğu bir vəziyyətlə qarşı-qarşıyayıq. Külək əsməyə başlayanda hər şey tərsinə dönür, torpaq quru, temperatur yüksəkdir. Bütün problemlərlə birlikdə yanğın olan ərazilərdə mübarizə aparırıq”.  

Onun sözlərinə görə, təxminən 20 təyyarə, 10-dan çox helikopter səhər tezdəndən gecəyə qədər hər yerdə yanğının söndürülməsi ilə bağlı əməliyyat aparır: “Bütün komanda da, vətəndaşlar da mübarizə aparır. Bundan əlavə, fəlakətin vurduğu ziyanı aradan qaldırmaq, vətəndaşın tələblərini və istəklərini yerinə yetirə bilmək üçün, kiminsə təxliyəsi, kiminsə yaşaya biləcəyi yerin müəyyənləşdirilməsi və digər bir çox işlər görülür. Burada, Antalyada və İspartada təkcə yanğınla mübarizə üçün 1000-dən çox texnika çalışır. Bunlar Türkiyənin bir çox qurumundan, yerli idarəetmələrdən, bələdiyyələrdən gəlib. Belə problemlə üz-üzə qaldığımız dövrdə azərbaycanlı qardaşlarımız da “Biz nə edə bilərik?”, dedilər və burada həqiqətən də cəsarətlərini, böyük ürəklərini ortaya qoydular. İşlərini yüksək səviyyədə həm insan gücü, həm texnikaları ilə göstərirlər".

S. Soylu qeyd edib ki, bütün müdaxilələrə baxmayaraq, yanğın Kemerköy İstilik Elektrik Stansiyasına da sıçrayıb: “Amma düzgün müdaxilə ilə yanğının qarşısı alındı. Kemerköy İstilik Elektrik Stansiyası yenə də elektrik istehsal etməyə başlayıb. Yanğının Yenikənd elektrik stansiyasına da keçməməsi üçün havadan və qurudan bütün tədbirlər görülür. Azərbaycan Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev də, bütün dostlarımız da koordinasiyalı şəkildə bunu həyata keçirirlər. Allaha şükür ki, belə dostlarımız var. Millətimizə də təşəkkür edirik, hamısı birgə mübarizə aparır, dövlət bütün gücü ilə dövlətliyini ortaya qoyur. İnşallah, ən yaxın zamanda yanğını söndürüb sonra xalqın zərərini, sıxıntılarını həll etməyə çalışacağıq. İtkilərimiz var, həyatını itirənlər var, yanan ağaclarımız, meşədə yanan canlılarımız, heyvanlarımız var. Onları geri qaytarmaq mümkün deyil. Amma bu, bizim üçün bir insanlıq imtahanıdır. Bir daha buradakı heyətə, Fövqəladə hallar nazirinin müavininə və bütün Azərbaycan xalqına, Azərbaycan Prezidentinə, hökumətinə təşəkkür edirəm, bu, bizim üçün çox qiymətlidir”.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR