Qəbələdə III Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin qalibləri mükafatlandırılıb

Qəbələdə III Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin qalibləri mükafatlandırılıb
# 06 oktyabr 2017 09:55 (UTC +04:00)

Beynəlxalq Memarlar İttifaqının, Mədəniyyət və Turizm Nazirliyinin, “Gilan Holdinq”in dəstəyi, Azərbaycan Memarlar İttifaqının təşkilatçılığı ilə keçirilən III Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin qalibləri mükafatlandırılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu münasibətlə Qəbələ şəhər Heydər Əliyev Konqres Mərkəzində keçirilən mərasimdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək ölkəmizdə memarlıq sənətinin XII əsrdə yaşayıb yaratmış Memar Əcəmidən başlayaraq indiyədək böyük inkişaf yolu keçdiyini, paytaxtla yanaşı bölgələrdə maraqlı və nadir memarlıq nümunələrinin mövcud olduğunu bildirib.

O, xalqımızın memarlıq sahəsində qazandığı bu uğurlarına görə Beynəlxalq Memarlar İttifaqı tərəfindən bu mühüm müsabiqənin 2 ildən bir Azərbaycanda keçirdiyini deyib. Nazir müavini artıq üçüncü dəfədir, keçirilən bu müsabiqənin hər dəfə kəmiyyət və keyfiyyət baxımından daha da inkişaf etdiyini diqqətə çatdırıb: “Müsabiqə iştirakçılarının budəfəki beynəlxalq sərgi üçün təqdim etdiyi əsərlər əvvəlkilərdən daha möhtəşəmdir. Dünya memarlığının ən gözəl incilərinin təqdim edildiyi bu müsabiqədə münsiflər heyətinin üzvləri üçün 22 ölkənin 156 iştirakçısı arasından qalibləri seçmək elə də asan olmayıb. Bakıda keçirilən bu beynəlxalq müsabiqənin əhəmiyyətini yüksək qiymətləndirirəm. Bu açıq beynəlxalq müsabiqə dünyanın tanınmış memarları ilə yanaşı, gənc memarların da böyük marağına səbəb olub və burada iştirak edənlərin sayı getdikcə artmaqdadır”.

Vaqif Əliyev Azərbaycanın sürətlə inkişaf etdiyini, tikinti işlərinin geniş vüsət olduğunu, buna görə də savadlı və bacarıqlı memarlara hər zaman ehtiyac olduğunu bildirib. O, bu müsabiqə çərçivəsində dünyanın tanınmış memarlarının Azərbaycana gəldiyini və öz təcrübələrini bizim memarlarla bölüşdüklərini, onların həm də ölkəmizin memarlıq inciləri ilə tanış olduğunu qeyd edib. Nazir müavini Azərbaycanda memarlığın inkişafına göstərilən dövlət qayğısından, gənclərin bu sahəyə marağından danışıb.

Sonra beynəlxalq münsiflər heyətinin üzvləri müsabiqənin nəticələrini açıqlayıblar. “İctimai binaların memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə” üzrə Elizabet Abalo Diaz və Qonzalo Alonso Nunez (İspaniya), “Yaşayış binalarının memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə” üzrə Camilo Rodiques Rebelo və Susana Aleksandra Martins (Portuqaliya), “Həyata keçirilmiş ən yaxşı layihə” üzrə Nərgiz Ağayeva (Azərbaycan), “Landşaft memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə” üzrə Eleni Moskovakou (Yunanıstan), “Binaların bərpası və yenidən qurulması sahəsində həyata keçirilmiş ən yaxşı layihə” üzrə Lustin Popesku (Rumıniya), “Həyata keçirilməmiş ən yaxşı layihə” üzrə Rizvan Bayramov, Maqsud Məmmədov, Cahid Əlizadə, Şeyda Novruzzadə, “Memarlıq sahəsində ən yaxşı nəşr” üzrə “Azərbaycanın memarlıq tarixi” adlı 5 cildlik kitabın müəllifləri, “Memarlıq sahəsində ən yaxşı jurnalist işi və tənqid” üzrə Miralay Fəxrəddin birinci yeri tutub.

Məlumat verilib ki, müsabiqəyə 8 nominasiya üzrə təqdim olunan əsərlər 5 nəfərdən ibarət beynəlxalq münsiflər heyəti tərəfindən iki gün ərzində qiymətləndirilib. Bu müsabiqədə Azərbaycanı 53 memar təmsil edib. Memarlarımız ümumilikdə 9 mükafata layiq yer tutublar. Müsabiqədə birinci yerin sahibinə 4000, ikinci yerə çıxana 2500, üçüncü yeri tutana 1500 manat pul mükafatı verilib. Qaliblərə kubok da təqdim olunub. Sonra mərasim Qara Qarayev adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konsert proqramı ilə davam edib.

Tədbirdə Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, III Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin münsiflər heyətinin sədri, Beynəlxalq Memarlıq İttifaqının sabiq prezidenti Vassilis Squtas, üzvlər-beynəlxalq təşkilatın Şura üzvü Patrik Kolombye, sabiq baş katibi Mişel Barmaki, sabiq vitse-prezident Hayder Ali iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR